Onunla dostluğumuzun tarixi əlli ilə yaxındır. Uzun illər onun rəhbərliyi altında işləmişəm. İxtisasartırma kursunda mənə və həmkarlarıma mühazirələr oxuyub. Elə o vaxtlardan dostuma “müəllim” deyə müraciət edirəm. “Filankəs müəllim” yox ha! Eləcə: “Müəllim”.
İndi tez-tez olmasa da, telefon əlaqəsi saxlayırıq. Bu dəfə ona doğum günündə deyil, doğum günü ərəfəsində zəng elədim:
- Müəllim, xəbərin varmı, bu gün-sabah doğum günündür, yaşının üstünə bir yaş da gəlir.
Neçə yaşının tamam olduğunu isə demədim.
- Xəbərim var, - dedi.
Sonra əlavə etdi:
- Tələsmə, məndən bir az sonra sən də həmin yaşa çatacaqsan.
- Bu dəfə zəng eləməkdə məqsədim başqadır, həm də rəsmi xarakter daşıyır.
Dostum da rəsmiyyətə keçdi:
- Buyurun, - dedi.
- Yadınızdamı, o böyük binanın üçüncü mərtəbəsində oturduğunuz vaxtlar bizdən hər il görülmüş işlər barədə yazılı hesabat istəyərdiniz? Biz də müəssisənin illik fəaliyyəti barədə yazılı hesabat təqdim edərdik. İndi siz yaşınızın bu vaxtında ötən illərə boylanıb dostlara gördüyünüz işlərin hesabatını verə bilərsinizmi?
- Təvazökarlıqdan uzaq olsa da, deyim ki, mənim gördüyüm işlər göz qabağındadır. Elektron mənbələrdə də, yəqin ki, izi qalıb. Maraqlana bilərsiniz.
Mən razılaşdım. Onun adını və soyadını yazıb internetdəki mənbələrə baxdım. Rast gəldiyim bəzi məqamları dostların və oxucuların diqqətinə çatdırıram:
“Adilxan Hüseynəli oğlu Bayramov. Ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi, filologiya elmləri doktoru”. Bir sıra ensiklopedik-məlumat mənbələri və saytlarda, Milli Kitabxananın elektron kataloqunda belə yazılıb.
“Azərbaycan Milli Ensiklopediyası” (III cild, Bakı, 2011) isə onu bu cür təqdim edib: “Azərbaycan ədəbiyyatşünası, filologiya elmləri doktoru”.
Adilxan Bayramov Gürcüstanın Marneuli rayonunun (Borçalı bölgəsi) Sadaxlı kəndində anadan olub. 1966-cı ildə Sadaxlı kənd orta məktəbini ( indiki Yusif Heydərov adına 1 saylı Sadaxlı kənd orta məktəbi) gümüş medalla bitirib.
Məktəb illərindən yazı-pozuya meyilli olub. 8-ci sinifdən başlayaraq qələmə aldığı yazılar “Qələbə bayrağı” (Bolnisi rayonu), “Yeni Marneuli” (Marneuli rayonu) və “Sovet Gürcüstanı” qəzetlərində dərc edilib.
1966-1971-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində ali təhsil alıb. Tələbəlik illərində yazı-pozu ilə, demək olar ki, məşğul olmayıb. Hamı kimi, daha çox dərslərinə fikir verib, mütaliə edib. Onun müəllimləri – ədəbiyyatşünaslardan Mir Cəlal, Əkbər Ağayev, Gülhüseyn Hüseynoğlu, Bəxtiyar Vahabzadə, Pənah Xəlilov, Cəlal Abdullayev, Vaqif Vəliyev, dilçilərdən Muxtar Hüseynzadə, Əlövsət Abdullayev, Nəsir Məmmədov, Ağamusa Axundov, Fərhad Zeynalov, Tofiq Hacıyev, Əbülfəz Rəcəbov, estetika müəllimi Aslan Aslanov, psixologiya müəllimi Məmmədəli Məhərrəmov öz dövrünün böyük alim və şəxsiyyətləri kimi tanınırdılar. Bu müəllimlərdən çox şey öyrənmək olardı və o da öyrənib.
Sevimli müəllimlərindən professor Tofiq Hacıyev (sonradan akademik) onun diplom rəhbəri, professor Cəlal Abdullayev isə elmi rəhbəri və elmi məsləhətçisi olublar.
Allah dünyasını dəyişənlərə rəhmət eləsin.
Adilxan Bayramov 1971-ci ildə universiteti bitirdikdən sonra 1979-cu ilədək Sadaxlı kənd 2 saylı orta məktəbində tərbiyə işləri üzrə direktor müavini işlədi, eyni zamanda Azərbaycan dili və ədəbiyyatını tədris etdi.
Doğma kəndində işlədiyi illərdə elmi araşdırmalar da aparır, ara-sıra bədii yaradıcılıqla məşğul olur, mətbuatda çap olunurdu. Əlbəttə, əksər yaşıdları kimi, o da Bakı şəhərinə gəlmək, burada səmərəli şəkildə elmi fəaliyyətlə məşğul olmaq istəyirdi...
1979-1980-ci illərdə Səməd Vurğunun ev-muzeyində əvvəl elmi işçi, sonra şöbə müdiri vəzifələrində çalışdı. Eyni zamanda Azərbaycan Dövlət Universitetinin dissertantı olaraq Səməd Vurğun yaradıcılığına həsr olunmuş namizədlik dissertasiyası üzərində işlədi, müxtəlif mövzularda elmi və publisistik məqalələr yazdı, radio-televiziya verilişləri hazırladı.
1980-ci ildə Mədəniyyət Nazirliyinə işə dəvət olundu və burada 2007-ci ilədək böyük inspektor, aparıcı inspektor, baş inspektor, baş idarənin rəis müavini, baş idarənin rəisi, nazirliyin Aparat rəhbəri vəzifələrində çalışdı.
Bu illərdə beynəlxalq elmi simpozium, konfrans və seminarların, respublika festival və baxış-müsabiqələrinin, sərgilərin, o cümlədən 1983, 1988 və 2003-cü illərdə Azərbaycan xalça sənətinə həsr edilmiş beynəlxalq simpoziumların, muzey işçilərinin ümumrespublika müşavirələrinin (1984, 1992, 1993) təşkili və keçirilməsində, yeni mədəniyyət müəssisələrinin, xüsusən tarix-diyarşünaslıq və xatirə muzeylərinin yaradılmasında, muzey ekspozisiyalarının yenidən qurulmasında fəal iştirak etdi...
Qayıdaq sözümün əvvəlinə.
Bütün bunlar nəinki onun fəaliyyətinin yönünü dəyişə bilmədi, əksinə, yeni fəaliyyət sahələrinə yönəltdi. Özünü ədəbiyyatşünaslıqla yanaşı, muzey işi, teatr sənəti, təsviri incəsənət, xalça sənəti, hətta etnoqrafiya sahələrində də sınadı. Tərcümə ilə məşğul oldu və bu sahələrdə də peşəkarlığını göstərdi.
1990-cı ildə “Səməd Vurğun yaradıcılığında xalqlar dostluğu” mövzusunda namizədlik, 2007-ci ildə «Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik» mövzusunda doktorluq dissertasiyalarını müdafiə etdi.
Adilxan Bayramov 2007-ci ilin oktyabr ayında doktorluq dissertasiyasını müdafiə edəndən sonra Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində direktor müavini vəzifəsində işləməyə başladı. Eyni zamanda elmi tədqiqat fəaliyyətini də davam etdirir. Səməd Vurğunun həyatı və fəaliyyəti ilə bağlı radio-televiziya verilişlərinin, çoxsaylı məqalələrin müəllifidir. Şairin poemaları əsasında bir neçə radio-tamaşa, «Hürmüz və Əhrimən» poeması əsasında pyes hazırlamış, «Muğan» poemasının motivləri üzrə «Ceyran» televiziya filminin ssenarisini yazmışdır.
Onun «Yaşayan ömür» (1990), «Vurğun ocağı» (1997), «Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik» (1999), «Səməd Vurğun: milli və ümumbəşəri» (2006), «Səməd Vurğun: ömür yolu və yaradıcılığından səhifələr» (2015) adlı kitabları böyük şairin ömür yolunu və yaradıcılığını işıqlandırır.
Universitetdə müəllimi, sonradan elmi rəhbəri, daha sonra elmi məsləhətçisi olmuş professor Cəlal Abdullayev öz yetirməsi haqqında belə yazmışdır: “Adilxan Bayramov ilk tədqiqat vərdişlərinə məhz Səməd Vurğun yaradıcılığını araşdırmaqla başlamış, bu mövzuda namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişdir... 30 ilə yaxın bir müddətdə (bu sözlər 2006-cı ildə qələmə alınmışdır - S.M.) Səməd Vurğun yaradıcılığı ilə ardıcıl məşğul olan Adilxan Bayramov özünü bacarıqlı, səriştəli və əməksevər tədqiqatçı kimi göstərmişdir. O, tədqiqatçı kimi xeyli iş görmüş, şairin bir çox çıxış və məqalələrini, məktublarını, şeirlərini, o cümlədən 1942-ci il fevralın 12-də Moskva radiosu ilə «Koroğlu nəsillərinə bizim salamımız», 1942-ci il noyabrın 29-da Moskvada ədəbiyyat və incəsənət işçilərinin antifaşist mitinqində «Qafqazın mədəniyyəti ölməzdir» adlı çıxışlarını, habelə Ukrayna yazıçılarının III qurultayında çıxışının mətnlərini ilk dəfə üzə çıxararaq Azərbaycan dilinə çevirmiş və dərc etdirmişdir.
Adilxan Bayramov şairin «Vaqif» pyesinin və «Aslan qayası» poemasının naməlum parçalarını əldə etmiş, «İnsan» pyesinin daha mükəmməl variantını üzə çıxarmış və bütün bunlardan öz tədqiqatında istifadə etmişdir”.
Qeyd etdiyim kimi, Adilxan Bayramov ədəbi tənqid və ədəbiyyatşünaslıqla yanaşı, muzey işi, teatr sənəti, təsviri incəsənət, Azərbaycan xalçası, hətta etnoqrafiya ilə bağlı araşdırmalar aparır. «Bakı muzeyləri» (həmmüəllif, 2006), «Sənət, sənət məbədləri, sənət fədailəri» (2015) və b. kitabların, «Ədəbi-xatirə muzeyləri», «Tarix-diyarşünaslıq muzeyləri», «Teatr sənətimizin inkişafında Tiflis Azərbaycan teatrının rolu (1900-1920-ci illər)» adlı metodiki vəsaitlərin müəllifidir.
Azərbaycan və rus dillərində bir neçə dəfə nəşr olunmuş «Üzeyir Hacıbəyov ensiklopediyası»nın müəlliflərindən biri də Adilxan müəllimdir.
Mübaliğəsiz demək olar ki, o, Azərbaycanda muzey işinin tarixini öyrənən ilk tədqiqatçılardandır. Onun «Heydər Əliyev və muzeylərimiz» (1999), habelə «Tariximiz, yaddaşımız, sərvətimiz» (2007) adlı kitabları, muzey işinə aid çoxsaylı məqalələri bu sahənin müəllim və tələbələri üçün xüsusi əhəmiyyətə malik bələdçi-tədris vəsaitidir. O, eyni zamanda ayrı-ayrı muzeylər və muzey qurucuları barədə dəyərli məqalələrin, radio-televiziya verilişlərinin müəllifidir.
1999-cu ildə müəllifin «Heydər Əliyev və muzeylərimiz» adlı kitabı ümummilli liderə təqdim olunarkən o, nəşri təqdir etmiş, muzey işinə qayğının vacibliyini bir daha xüsusi qeyd etmişdir. «Tariximiz, yaddaşımız, sərvətimiz» kitabında Azərbaycanda muzey işinin inkişafı tarixi araşdırılmış, ayrı-ayrı muzeylər və tanınmış muzey işçiləri barədə məlumat verilmişdir. “Sənət, sənət məbədləri, sənət fədailəri» kitabında müəllifin müxtəlif profilli muzeylər, muzey qurucuları, habelə milli teatrımızın təşəkkülündə və inkişafında böyük rolu olmuş Tiflis Azərbaycan teatrı və bu teatrın aktyorları, habelə digər sənət sahələri barədə son illərdə qələmə aldığı məqalələri toplanmışdır. Adilxan müəllim 1980-ci illərdə radioda səsləndirilən “Azərbaycanın memarlıq abidələri” adlı silsilə verilişlərin müəllifi, “Respublikamızın muzeylərində” adlı silsilə verilişlərin müəllifi və aparıcısı olmuş, “Muzeylərimizin salonlarında” ümumi başlığı ilə silsilə yazılarla çıxış etmişdir.
Mətbuatda çoxsaylı elmi və elmi-metodiki məqalələri, bədii və bədii-publisistik yazıları dərc olunmuşdur. Müxtəlif mətbu nəşrlərdə, ensiklopedik-məlumat kitablarında onun özü və araşdırmaları barədə məqalələr dərc olunmuş, radio-televiziya verilişləri səsləndirilmişdir. Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsi Rəyasət Heyətinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının üzvü, «Müasir mədəniyyətşünaslıq» jurnalının baş redaktorunun müavini, «Qarapapaqlar» (Gürcüstan) dərgisi redaksiya heyətinin üzvüdür. Müxtəlif vaxtlarda «Səməd Vurğun-90» fəxri xatirə diplomuna, «Səməd Vurğun mükafatı»na, fəxri fərman və mükafatlara layiq görülmüş, “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif edilmişdir.
Adilxan müəllim cəmiyyət üçün layiqli övladlar tərbiyə edib. İki qızı, bir oğlu, dörd nəvəsi var. Allah saxlasın!
İndi keçək əsas məsələyə. Fevralın 19-da ədəbiyyatşünas, sənətşünas, muzeyşünas, publisist, filologiya elmləri doktoru Adilxan Hüseynəli oğlu Bayramovun 70 yaşı tamam olacaq.
Təbrik edirik!
Qələmə aldığım “hesabat”ın qəbul edilib-edilməməsi isə oxucuların, dostların işidir.
Qeydlərimi mərhum şair-publisist Tofiq Abdinin ümumi dostumuzun doktorluq dissertasiyasının müdafiəsi münasibətilə “Ədalət” qəzetində dərc etdirdiyi yazının sonluğu ilə bitirmək istəyirəm: “Doktorluqdan o yana hansı mərhələlər var, vallah, mən bunu bilmirəm. Ancaq varsa, bir dost kimi mən bunu Adilxan Bayramova arzu edirəm. Alim kimi də, insan kimi də, ziyalı kimi də bu İNSAN ona layiqdir. Bütün bu keyfiyyətlərin onun şəxsində görünməsində SƏMƏD VURĞUN kimi bir şairin yaradıcılığının təsiri olmamış deyil. Olan bu”.
Solmaz MƏHƏRRƏMOVA
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru