İyun ayında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan “İmadəddin Nəsimi: sələflər və xələflər - orta əsrlər əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XVII elmi-nəzəri konfrans keçiriləcək.
AMEA-dan bildirilib ki, konfrans Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli sərəncamı və “Nəsimi ili” çərçivəsində reallaşacaq.
Tədbirdə Nəsiminin həyat və yaradıcılığı, zəngin bədii irsinin tədqiq, təbliğ və tərcümə problemləri, şairin ardıcıllarının bədii dünyası, hürufilik fəlsəfi cərəyanı və həmin cərəyanın görkəmli nümayəndələri ilə bağlı məruzələr dinləniləcək.
* * *
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində də “Nəsimi ili” ilə bağlı tədbirlər planı hazırlanıb.
Bu ilin aprelində ADMİU-da Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi keçiriləcək. İki nominasiya üzrə təşkil olunacaq müsabiqədə universitetin məzunları və tələbələri, eləcə də digər universitetlərin tələbələri iştirak edə bilər.
“Nəsimi ili” çərçivəsində həyata keçirilən tədbirlər ilin sonunadək davam edəcək. Payız aylarında universitetdə şairin yaradıcılığına həsr edilən “Cahana sığmayan şair” mövzusunda elmi-praktik konfrans keçiriləcək. İlin sonunda ADMİU-da İmadəddin Nəsiminin həyat və yaradıcılığına həsr olunan tamaşanın hazırlanması da nəzərdə tutulur.