İranda “Fəcr” Musiqi Festivalının açılışı olub
İranda keçirilən 34-cü “Fəcr” Musiqi Festivalının açılışı münasibətilə Tehranın Vəhdət Sarayında Azərbaycan mahnılarından ibarət konsert proqramı təqdim edilib.
Xalq artisti Ağaverdi Paşayevin dirijorluğu ilə İran Milli Orkestrinin təqdim etdiyi konserti rəsmilər, parlamentin üzvləri, ictimaiyyət təmsilçiləri, Azərbaycanın bu ölkədəki səfirliyinin əməkdaşları, eləcə də Tehranda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri izləyiblər.
Solist, Xalq artisti Samir Cəfərovun çıxış etdiyi konsert proqramında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, “Sevgili canan” romansı, “Arşın mal alan” operettasından Əsgərin ariyası, Fikrət Əmirovun “Evləri var xana-xana”, Qara Qarayevin “Qızların rəqsi” və “Vals”, Niyazinin “Qaytağı” və “Vətən nəğməsi”, Tofiq Quliyevin “Sənə də qalmaz”, Əli Səliminin “Ayrılıq” əsərləri səslənib.
Xatırladaq ki, ənənəvi festival fevralın 19-dək davam edəcək.