Azərbaycan

16 fevral 1916 – Sənətşünas, akademik Əbdülvahab Salamzadə (1916 – 19.8.1983) Şamaxıda doğulub. Azərbaycan memarlıq tarixinə dair dəyərli əsərlərin, “Abidələr danışır”, «Azərbaycan memarlıq abidələri» və s. kitabların müəllifidir.

16 fevral 1918 – Qəzəlxan şair, tərcüməçi Qəni Hüseynqulu oğlu Hüseynov (Həkim Qəni; 1918 - 10.6.2008) anadan olub. Məhəmməd Füzulinin qəzəllərinin rus dilinə ilk tərcüməçilərindəndir.

16 fevral 1925 – Görkəmli memar Zivərbəy Əhmədbəyov (1873-1925) vəfat edib. Təzəpir məscidinin layihə müəllifidir. Cümhuriyyət dövründə Bakının baş memarı olub.

 

17 fevral 1919 – Ədəbiyyatşünas, mətnşünas, klassik poeziyanın bilicisi Əli Fəhmi (1919 – 13.3.1975) Bakının Sabunçu qəsəbəsində anadan olub.

17 fevral 1920 – Dilçi-filoloq, professor, Əməkdar elm xadimi Əlövsət Zakir oğlu Abdullayev (1920-1993) anadan olub.

17 fevral 1926 – Xalq artisti Sofiya Həsən qızı Hüseynova (1926 – 30.7.2015) Naxçıvanda doğulub. Naxçıvan teatrının ilk azərbaycanlı aktrisası Xədicə Qazıyevanın qızıdır, uzun illər bu sənət ocağında çalışıb.

17 fevral 1934 – Yazıçı, dramaturq, jurnalist Şamil Xurşud (Şamil Xurşud oğlu Fərzəliyеv; 1934-1986) Ucar rayonunda (əslən Ermənistanın Sisyan rayonunun Ağudi kəndindəndir) anadan olub. Əsərləri: “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi” (povest), “Qızıl zəncir”, “Yol ayrıcında” (pyes).

17 fevral 1992 – Erməni silahlı qüvvələri Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Xocavənd rayonunun Qaradağlı kəndini işğal edib. Kəndin 70-dək sakini qətlə yetirilib.

 

18 fevral 1895 – Qəzəlxan şair Əliağa Vahid (Əliağa Məmmədqulu oğlu İsgəndərov; 1895 - 1.10.1965) Bakının Masazır kəndində doğulub. Nizami, Xaqani, Füzuli, Nəvai və b. şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

18 fevral 1947 – Əməkdar rəssam Ənvər Vahid oğlu Qarayev (1947 - 30.1.2011) Şəkidə anadan olub. Dekorativ-tətbiqi sənət, xalça, batika, parça üzərində tikmə texnikasının mahir ustası idi.

 

Dünya

 

16 fevral 1845 – Amerika yazıçısı, jurnalist və səyyah Corc Kennan (George Kennan; 1845-1924) anadan olub.

 

17 fevral 1600 – İtalyan filosofu və şairi Cordano Bruno (Giordano Bruno; 1548-1600) inkvizisiyanın (katolik kilsəsinin məhkəməsi) qərarı ilə edam edilib.

 

18 fevral 1780 – Rus rəssamı, məişət boyakarlığı janrının banilərindən biri Aleksey Venetsianov (1780-1847) anadan olub.

18 fevral 1934 – Rusiyanın Xalq artisti, sirk ustası Muxtarbek Kantemirov (1934-2017) anadan olub. “Azərbaycanfilm”də “Qorxma, mən səninləyəm!” filmində çəkilib.

Hazırladı:  Vüqar ORXAN