İyulun 25-dən 28-dək Bakıda, Xəzər sahilindəki “Sea Breeze” istirahət mərkəzində “JARA 2019” Beynəlxalq Musiqi Festivalı növbəti dəfə estrada həvəskarlarını bir araya gətirəcək. Tanınmış musiqiçi, Azərbaycanın Xalq artisti Emin, rusiyalı media meneceri, prodüser Sergey Kojevnikov və Rusiyanın Əməkdar artisti, müğənni Qriqori Lepsin müştərək layihəsi olan festival Bakıda 2016-cı ildən keçirilir.
Təşkilatçılar artıq dördüncü festivalın proqramı barədə açıqlamalar veriblər. Festivalın açılış günü – iyulun 25-də Filipp Kirkorov, Loboda, Emin, Monatik və başqaları səhnəyə çıxacaq.
İyulun 26-da məşhur “Lyube” musiqi qrupunun 30 illik yubileyi - yaradıcılıq gecəsi keçiriləcək. Həmin gün səhnədə “İvanuşki İnternational”, “Fabrika”, “Qorod 312”, Alyona Apina, Nataşa Korolyova, “Otpetnıye moşenniki” və “Na-Na” qrupu da çıxış edəcək.
Tanınmış ifaçıların iştirakı ilə Qroqori Leps və Stas Mixaylovun yaradıcılıq gecəsi isə 27 iyul tarixində gerçəkləşəcək.
Festivalın sonuncu günü isə adları qeyd edilən estrada ulduzlarına belaruslu ifaçılar və “Black star” qrupu da qoşulacaq.
Yaxın günlərdə təşkilat komitəsi festivalda iştirak edəcək azərbaycanlı estrada ulduzlarının da adlarını açıqlayacaq.
LALƏ