Türk dünyası saz-söz sənətinin əbədi əsgəri Ozan Arif kimi tanınan xalq ozanı və bəstəkar Arif Şirinsiz qaldı. Bir zaman “Ya Qarabağ, ya ölüm” hayqırtısını igidlərin həyat amalına çevirən Arif Şirin fevralın 13-də, 69 yaşında ağır xəstəlikdən dünyasını dəyişdi...

Arif Şirin 1949-cu ildə Türkiyənin Giresun vilayətində anadan olub. Məmur atasının işi ilə əlaqədar orta təhsilini Samsunda alıb, 1970-ci ildə müəllimlik fəaliyyətinə elə burada başlayıb. Sonra tale onun həyat yolunu Almaniyadan salıb. 1980-1991-ci illərdə Almaniyada yaşayarkən uşaq yaşlarında həvəs göstərdiyi şeir yazmaq və rəsm çəkmək məşğuliyyətinə qayıdıb. Arifin vətəndaşlıq qayəsi üstün, bəzən də çox sərt, sarkazm dolu şeirləri sərhədləri aşır, bütün türk ellərində sevilməyə başlayır.

Türk ağız ədəbiyyatının müxtəlif janrlarında gözəl şeirlər qoşan Arif Şirin bir çox ədəbi müsabiqələrdə qalib gəlmişdi. Onun yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycanda məşhur olan bir ifadəyə - haqq aşığı ifadəsinin çəkisinə tam uyğun gəlirdi. Bəzən onun qəlbindən süzülən, qələmindən çıxan şeir parçaları Türkiyənin siyasi gündəmini də dəyişməyə qabil olurdu. Nə zamandan bəri amansız xəstəliklə mübarizə aparan şair iki gün öncə cismani həyat savaşına yenilərək haqqa qovuşdu.

Allah rəhmət eləsin.

GÜLCAHAN