Fransanın Luvr Muzeyində 2021-ci ilin payızında keçirilməsi nəzərdə tutulan Özbəkistanın mədəni irsinə həsr olunmuş “Böyük İpək Yolu üzərindəki sivilizasiyalar və mədəniyyətlər” adlı genişmiqyaslı sərgiyə hazırlıq görülür.
Fransa ekspertləri Luvrda açılacaq Özbəkistan sərgisində təqdim olunacaq eksponatların siyahısını tərtib ediblər. Bu barədə Luvr Muzeyinin İslam incəsənəti departamentinin direktoru Yannik Lints Daşkənddə keçirilmiş mətbuat konfransında məlumat verib.
O bildirib ki, sərginin ekspozisiyasında 300 eksponat yer alacaq: “Onların iki yüzünü Özbəkistandan, İpək Yolu dövrünə aid qalan yüz eksponatı isə İngiltərə, Rusiya, ABŞ və digər ölkələrin muzeylərindən yığacağıq”.
Ekspertin sözlərinə görə, Luvrda açılacaq sərgini çəkinmədən “əsrin hadisəsi” adlandırmaq olar: “Hazırlığına başladığımız sərgi nəhəng elmi araşdırma işidir. İndiyədək belə bir sərgi keçirilməyib. Biz ona çox ciddi hazırlaşırıq”.
Luvr Muzeyinin İslam incəsənəti şöbəsinin arxeoloqu və Buxaradakı Fransa-Özbəkistan birgə arxeoloji missiyasının başçısı Rokko Rante də əlavə edib ki, qarşıdakı yarım il ərzində eksponatların tam siyahısı müəyyən ediləcək: “Qarşıda bizi böyük elmi tədqiqat işləri gözləyir. Son yarım ili nəşr məsələlərinə həsr edəcəyik. Biz bu sərginin bütün dünya üçün əhəmiyyətini əks etdirəcək kataloq hazırlamağı planlaşdırırıq. Özbəkistan ərazisində İpək Yolu dövründə inkişaf etmiş çox sayda fərqli mədəniyyətlər mövcud olub. Bu mədəni müxtəlifliyi göstərmək istəyirik”.
Qeyd edək ki, Luvr sərgisində əvvəllər Özbəkistandan kənara çıxarılmamış muzey sərvətləri nümayiş etdiriləcək.
GÜLCAHAN