Başqırdıstan Dövlət Opera və Balet Teatrında Cüzeppe Verdinin “Atilla” operası tamaşaya qoyulur. Premyerası aprel ayına planlaşdırılan tamaşaya dünya şöhrətli vokalçı İldar Abdrazakov quruluş verir.
Teatrın bütün sexləri opera üçün dekor, rekvizit və geyimləri hazırlamaqla məşğuldur. “Atilla” teatrın tarixində dekorasiya və əlbisə baxımından ən bahalı tamaşa olacaq. Xüsusi olaraq bu tamaşa üçün 150 cüt çəkmə tikilib.
Dünyanın ən güclü bas səsli müğənnisi sayılan İldar Abrdazakov hələ 2009-cu ildə “Atilla”nın Lima operasında, Nyu-Yorkdakı Metropoliten-operada, sonra da Mariinsk teatrında (Sankt-Peterburq) quruluşlarında titul partiyasını ifa edib. O zaman Rusiya mətbuatına verdiyi müsahibələrində demişdi: “Mən 16 yaşımdan Atilla partiyasını oxumağın həsrətini çəkirəm. Ufa Dövlət İncəsənət Universitetinə təzəcə daxil olduğum vaxtlarda təsadüfən bu tamaşanın videosunu gördüm. Əfsanəvi amerikalı bas Samuel Remeyin ifasında bu əsərə vuruldum... Verdinin bu operasında əbədi mövzuya toxunulur. Müharibə, sevgi, qisas... Operanın əvvəlində Atilla hər kəsdən öncə öz xalqının maraqlarına sadiq döyüşçüdür. Lakin Odabellaya aşiq olandan sonra vəziyyət dəyişir. Dəmir iradəli bu qadın əzəmətli sərkərdəni özünə tabe edir. Finalda Atilla sevdiyi qadının əli ilə dünyasını dəyişir. Odabella atasının qisasını almaq üçün onu öldürür. Bununla belə, bu xətt Atillanın döyüşçü-qəhrəman obrazına heç də kölgə salmır: o, son nəfəsinədək Romanı fəth etməyi arzulayır”.
Məlumat üçün deyək ki, “Atilla” Cüzeppe Verdinin 1846-cı ildə qələmə aldığı sayca doqquzuncu operasıdır. Librettonun əsasında Zaxarius Vernerin “Hun çarı Atilla” romantik faciəsi durur. Tamaşada Avropanın fatehi Atillanın 453-cü ilə təsadüf edən son yürüşü zamanı baş vermiş hadisələrdən bəhs edilir.
GÜLCAHAN