Mədəniyyət naziri Koventri Universitetində tələbələr qarşısında mühazirə ilə çıxış edib
Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev Böyük Britaniyaya səfəri çərçivəsində Koventri Universitetini ziyarət edib.
Universitetin Sülh, Etimad və Sosial Münasibətlər Mərkəzində qurumun icraçı direktoru, professor Mayk Hardi ilə görüşən nazir “Bakı Prosesi” çərçivəsində reallaşan layihələr və 2-3 may tarixində Bakıda keçiriləcək 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumunun proqram və müzakirə konsepsiyası ətrafında fikir mübadiləsi aparıb.
Qeyd edək ki, Mayk Hardi “Bakı Prosesi”nin və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun akademik məsləhətçisidir, 2013, 2015 və 2017-ci illərdə Bakıda keçirilmiş forumların konseptual sənədlərinin hazırlanmasında iştirak edib. Alim “Bakı Prosesi”nə və ölkəmizin mədəniyyətlərarası dialoq siyasətinə dair beynəlxalq mətbuatda yazılar dərc etdirib. Professor M.Hardi Britaniya Şurasının mədəniyyətlərarası dialoq, gənclərin məşğuliyyəti və qlobal strateji əməkdaşlıq üzrə proqram rəhbəri və digər vəzifələrdə çalışıb, 2014-cü ildən Koventri Universitetinin Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin icraçı direktorudur.
Nazir professor M.Hardiyə son 6 ildə “Bakı Prosesi”nin inkişafında akademik səviyyədə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib və Etimad, Sülh və Sosial Münasibətlər Mərkəzinin dünya miqyasında dialoq və anlaşma yollarını araşdırmaqda mühüm rolunu yüksək qiymətləndirdiyini vurğulayıb.
Daha sonra nazir universitetin İncəsənət və humanitar elmlər fakültəsinin rəhbər heyəti ilə görüşüb. Söhbət zamanı incəsənət sahələri, yaradıcı sənayelərin inkişafı ilə bağlı təhsil məsələlərinə dair fikir mübadiləsi aparılıb. Bildirilib ki, hazırda universitetdə dizayn, moda, mədəniyyət menecmentliyi ilə əlaqədar təhsil proqramları mövcuddur və həmin sahənin tələbələri təhsil prosesi ilə yanaşı, şəhərin inkişafı ilə bağlı müxtəlif şirkətlərin layihələrini də icra edirlər. Diqqətə çatdırılıb ki, Koventri 2020-2021-ci illər üçün Böyük Britaniyanın “mədəniyyət şəhəri” seçilib və bu istiqamətdə keçirilən tədbirlərin təşkilində Şəhər Şurası, universitet və özəl sektor arasında tərəfdaşlıq mövcuddur, tələbələr bu prosesdə aktiv iştirak edirlər. “Land Rover” və “Yaguar” kimi avtomobil şirkətləri öz dizayn proseslərinə universitetin tələbələrini cəlb edirlər.
Görüşün sonunda birgə əməkdaşlıq üçün qısamüddətli proqramın hazırlanması qərara alınıb.
Əbülfəs Qarayev daha sonra universitetin fəxri doktoru və ziyarətçi professoru kimi, həmçinin UNESCO-nun Dünya İrs Komitəsinin sədri qismində tələbələr qarşısında “Dəyişikliklər və münaqişə dövründə mədəniyyəti qoruyaq. İnsan təhlükəsizliyi üçün mədəniyyət və irsin dəyərləri və ənənələrin əhəmiyyəti” mövzusunda mühazirə ilə çıxış etməyə dəvət olunub.
Nazir çıxışı zamanı müasir dövrdə mədəni proseslər, münaqişə və müharibələrin mədəni irsə təsirləri, xüsusilə Ermənistanın ölkəmizə hərbi təcavüzü zamanı Azərbaycan mədəniyyətinə və irsinə dəymiş ziyan, UNESCO-nun bu istiqamətlərdə fəaliyyəti, Dünya İrs Komitəsinin bu ilin yayında Bakıda keçiriləcək sessiyası barədə danışıb. Mühazirədə həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin irəli sürdüyü “Bakı Prosesi” təşəbbüsü və bu çərçivədə həyata keçirilmiş layihə və beynəlxalq tədbirlər, mədəniyyətlərarası dialoqun insan təhlükəsizliyi amili ilə bağlılığı kimi mövzulara toxunulub. Mühazirə sual-cavab formasında müzakirələrlə davam edib.
Xatırladaq ki, nazir Əbülfəs Qarayev 2018-ci ilin fevralında “Bakı Prosesi”nin 10 illiyi ilə bağlı Koventri şəhərinə səfəri zamanı Koventri Universitetinin “Qlobal liderlər” proqramı üzrə təhsil alan tələbələrlə görüşmüşdü və tələbələr üçün “Bakı Prosesi”nin təqdimatı keçirilmişdi.