Xalq rəssamı Rafis İsmayılovun yubileyinə həsr olunmuş tədbir

Xalq rəssamı, Dövlət mükafatı laureatı Rafis İsmayılovun bu il 80 yaşı tamam olur.

Fevralın 15-də Muzey Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə sənətkarın yubileyinə həsr edilmiş tədbir keçirildi.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək ölkəmizdə mütəmadi olaraq tanınmış mədəniyyət və incəsənət xadimlərinin yubileylərinin keçirildiyini, onların yaradıcılıq gecələrinin təşkil olunduğunu dedi. Vaqif Əliyev yubilyar rəssamın həyat və yaradıcılığından danışdı, Azərbaycan mədəniyyətinin inkişafına verdiyi töhfələrdən bəhs etdi.

Qeyd olundu ki, Rafis İsmayılov Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rəssamlıq fakültəsində təhsil alıb. Həmin ildən “Azərbaycanfilm” kinostudiyasında çalışan sənətkar 30-dan artıq bədii filmin quruluşçu rəssamı olub. O, “Qatır Məmməd”, “Sevinc buxtası”, “Üzeyir ömrü”, “Qara gölün cəngavərləri”, “Qəribə adam”, “Pirverdinin xoruzu”, “Dantenin yubileyi”, “Özgə ömür” və “Təhminə” kimi filmlər üzərində işləyib. Rafis İsmayılov 1970-2007-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş 20-dən çox bədii filmin quruluşçu rəssamı olub.

Həmçinin “Danışan işıqlar”, “Xeyir və Şər”, “Göyçək Fatma”, “Lağım” cizgi filmlərinə bədii tərtibat verib.

Bir sıra kitablara illüstrasiyalar da çəkən Rafis İsmayılov atalar sözləri, “Kitabi-Dədə Qorqud” dastanının motivləri və xalq mahnılarımıza həsr olunan xeyli sayda rəsm əsərlərinin müəllifidir.

Bundan əlavə, rəssam Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Akademik Opera və Balet Teatrında bir sıra tamaşaların bədii tərtibatçısı olub.

Tədbirdə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, Xalq rəssamı Arif Hüseynov və başqa çıxış edənlər sənətkarın yaradıcılığından, insani keyfiyyətlərindən söz açdılar, yubilyara cansağlığı və yeni yaradıcılıq uğurları arzuladılar.

Sonda Rafis İsmayılov çıxış edərək tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirdi.

Tədbir iştirakçıları rəssamın əsərlərindən ibarət sərgiyə də baxdılar.

Qeyd edək ki, Rafis İsmayılovun əsərləri Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində, Moskva Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, eləcə də yerli və xarici şəxsi kolleksiyalarda saxlanılır.

Fariz HÜSEYNOV