İstanbul şəhərində “Türkiyə-Azərbaycan ortaq mirası” layihəsi əsasında Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı konsert proqramı təqdim edilib.
Konsert İstanbul Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi, “Xəzər” Folklor, Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem) təşkilatçılığı, Azərbaycanın Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilati dəstəyi ilə reallaşıb.
Məşhur xoreoqraf, Rusiyanın Xalq artisti Dikalu Muzakayevin bədii rəhbərliyi ilə ərsəyə gələn “Mənim Azərbaycanım” konsert proqramı Azərbaycanın milli rəqsləri, eləcə də “Koroğlu” dastanının motivləri əsasında hazırlanmış milli baletdən ibarətdir. Xatırladaq ki, Azərbaycan Dövlət Rəqs Ansamblı bu proqramla İstanbulda ilk dəfə 2018-ci ilin yanvarında çıxış etmiş və tamaşaçıların alqışları ilə qarşılanmışdı. Budəfəki möhtəşəm konsert də geniş seyrçi rəğbəti görüb.
Tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, iki ölkə şəhidlərinin xatirəsi yad edilib.
Tədbirdə ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı xatırlanıb. Qeyd edilib ki, Azərbaycanla Türkiyə arasında davam edən qardaşlıq bütün dünya ölkələri üçün örnəkdir. Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin dövlətlərimiz qarşısında tarixi xidmətləri xalqlarımız tərəfindən daim böyük ehtiram hissi ilə yad olunacaq.
Prezidentlər İlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğanın səmimi dostluğunun iki ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da güclənməsinə təkan verdiyi və bunun nəticəsi olaraq ölkələrimizin sürətlə inkişaf etdiyi vurğulanıb.
Çıxış edənlər bu konsertin uzun illər yadda qalacağına əminliklərini bildirib və ənənə halı almasını arzu ediblər. Rəqsin dünyanın hər yerində qəbul edilən ortaq dil olduğunu deyən çıxışçılar insanların öz tarixlərini, mədəniyyətlərini, kədərlərini və sevinclərini rəqslə ifadə etdiklərini bildiriblər.
Sonra Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Qavalla lirik rəqs”, “Bəy”, “Toy”, “Qazağı”, “Tərəkəmə”, “Qaytağı”, “Şələqoy” və digər rəqslərimiz tamaşaçılara təqdim olunub.
Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və sürəkli alqışlarla qarşılanıb.
Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun, İstanbul Böyükşəhər Bələdiyyəsinin, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin əməkdaşları ilə yanaşı, Türkiyənin mədəniyyət və ictimaiyyət nümayəndələri, Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.