Fevralın 19-da Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda görkəmli bəstəkar, Xalq artisti, professor Süleyman Ələsgərovun anadan olmasının 95 illiyinə həsr edilən elmi-praktik konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə sənətkarın musiqi mədəniyyətimizə verdiyi töhfələrdən danışdı. Qeyd etdi ki, unudulmaz bəstəkar, dirijor, pedaqoq, Xalq artisti, Dövlət mükafatı laureatı Süleyman Ələsgərovun 95 illiyi mədəniyyət ocaqlarında müxtəlif tədbirlərlə qeyd edilir. O diqqətə çatdırdı ki, fevralın 19-u axşam Heydər Əliyev Sarayında bəstəkarın yubileyi münasibətilə konsert olacaq.

Firəngiz Əlizadə dedi: “Bəxtimiz gətirib ki, belə görkəmli sənətkarlarla bir dövrdə yaşamışıq. Onların dəyərli məsləhətləri ilə böyümüşük. Professor S.Ələsgərov Bəstəkarlar İttifaqının ən fəal üzvlərindən olub. Bu da təsadüfi deyildi. Çünki o, Ü.Hacıbəylinin tələbəsi olub, öz fəaliyyətində dahi bəstəkarın ideyalarına daim sadiqlik nümayiş etdirib, onun ənənələrini qoruyub və yaşadıb... Ümummilli lider Heydər Əliyev Süleyman Ələsgərovun yaradıcılığını yüksək qiymətləndirmiş, bəstəkarı “Şöhrət” ordeni ilə təltif etmişdi”.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək sənətkarın yaradıcılığından, pedaqoji fəaliyyətindən danışdı. Bildirdi ki, Süleyman Ələsgərov gənclərin keyfiyyətli musiqi təhsili alması üçün bilik və bacarığını, təcrübəsini əsirgəmirdi. Neçə-neçə istedadlı gənc onun xeyir-duası ilə musiqi sənətində öz layiqli yerini tutmuşdu.

Vurğulandı ki, bəstəkar operetta janrının inkişafında məhsuldar fəaliyyət göstərib, bu sahədə Ü.Hacıbəyli ənənələrini davam etdirib. Bəstəkarın “Ulduz”, “Özümüz bilərik”, “Olmadı elə, oldu belə”, “Sevindik qız axtarır”, “Hardasan, ay subaylıq?” və s. operettaları uğurlu yaradıcılıq axtarışlarının nəticəsi idi.  

Tədbirdə Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Akif Quliyev “S.Ələsgərovun simfoniya yaradıcılığı”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “S.Ələsgərovun xalq çalğı alətləri orkestrinin inkişafında rolu”, musiqişünas Aysel Kərimova “S.Ələsgərovun vokal yaradıcılığı” mövzularında məruzələrlə çıxış etdilər. 

Sonra konsert proqramı təqdim olundu. Əməkdar artist, tarzən Sahib Paşazadənin ifasında bəstəkarın tar ilə simfonik orkestr üçün konserti (№2), Əməkdar artist Anar Şuşalının ifasında “Vətənimdir” romansı səsləndi. Şuşa şəhər Bülbülcan adına Musiqi məktəbinin şagirdləri Səməndər Hacızadə və Əvəzağa Hacızadə tarda “Daimi hərəkət”, məktəbin xalq çalğı alətləri ansamblı (bədii rəhbər Fəttah Feyziyev) və solistlər Səyavuş Mehdiyev, Xəyalə Əliyeva, Zəhra Bağırova və Kənan Qasımzadə “Qarabağ şikəstəsi” zərbi-muğamını ifa etdilər.

Savalan FƏRƏCOV