Müğənni Mahir Rzayevin əziz xatirəsinə
1990-cı il fevralın 8-də yaşadığım Hacıqabulun Navahı kəndindən Bakı şəhərinə yola düşdüm. Məqsədim 20 Yanvar faciəsi zamanı yaralanmış həmyerlimiz, müğənni Mahir Rzayevə xəstəxanada baş çəkmək idi.
Uşaqlıq çağlarımız bir-birinə yaxın küçələrdə, məhəllələrdə keçdiyinə görə onu tezliklə görmək, səhhətinin necə olduğunu öyrənmək istəyirdim. Hacıqabul şəhərində yaxın qohumlardan öyrəndim ki, Mahir Semaşko adına Respublika Klinik Xəstəxanasında müalicə olunur. Bakıya gedən maşınlardan biri ilə paytaxta gələndə sovet əsgərlərinin hələ də küçə və meydanlarda keşik çəkdiklərini gördüm. Bir qədər həyəcan keçirsəm də, xəstəxanaya çatdım. Növbətçi tibb işçilərindən Mahir Rzayevin hansı palatada yatdığını soruşdum.
Qapını açan kimi illər boyu həyatda, ekranda gördüyüm, səsini eşitdiyim tanış sima özünəməxsus şirinlik və mehribanlıqla əli ilə işarə edərək:
- Bura gəl! – dedi.
Palataya daxil olub doğma bir insan kimi onunla qol-boyun sarmaşdım. O özü də kövrələrək gözləri doldu. Mənə dediyi birinci söz və sual bu oldu:
- Bu yolu necə gəldin?
Mahir bununla işarə edirdi ki, lənətə gəlmiş imperiya əsgərləri hələ də yollarda keşik çəkirlər, belə gərgin, təhlükəli vəziyyətdə necə gəlib çıxmısan? Cavabım qısa oldu:
- Ürəkdə istək olanda gəlmək olur.
Bu cavabıma Mahir yüngülcə gülümsədi. Ucaboylu, yaraşıqlı, enlikürəkli bir oğlan olan Mahir Rzayevin sifətində o qədər şirinlik, o qədər nur var idi ki, adama elə gəlirdi ki, o həmişə gülümsəyir. Ötən əsrin 70-ci illərinin əvvəllərində “Dilbərim”, “Sarı bülbül”, “Minnətdaram mən”, “Cavanlığım” və başqa xalq mahnıları, təsniflər, bəstəkar mahnıları ilə şirin avazı, bənzərsiz ifası ilə Azərbaycanın hər yerinə səs salan sevimli müğənnimiz Zaur Rzayevin sənət aləminə gəlişi musiqi mədəniyyətimizdə böyük hadisə kimi qiymətləndirildi – istər musiqisevərlər, istərsə də sənət biliciləri tərəfindən.
Belə bir vaxtda, 1974-1975-ci illərdə musiqi ictimaiyyəti arasında bir ürəkaçan xəbər yayıldı: Zaur Rzayevin qardaşı Mahir Rzayev də oxuyur. Özü də özünəməxsus, şirin oxuyur.
O vaxtlar bir ailədən iki sənətkarın, iki müğənninin müxtəlif konsertlərdə, tədbirlərdə çıxış etməyi əsl sensasiya idi. Onların Hacıqabulda dünyaya gəlmələri, sənət aləminə bu şəhərdən pərvazlanmaları bizdə qürur hissi doğururdu. Xüsusən, 1981-ci il dekabrın 31-də Azərbaycan televiziyası ilə verilən Yeni il gecəsində görkəmli sənətkarlarımızla bir verilişdə Zaur və Mahir Rzayev qardaşlarının oxuduqları “Cavanlığım” (musiqisi Oqtay Kazımovun, sözləri Cabir Novruzundur) mahnısı respublikada böyük əks-səda doğurdu: hamı onlardan danışırdı. Sonradan Mahirin səsi konsert salonlarından, radio dalğalarından, televiziya ekranlarından gəlirdi. Onun ifasında bəstəkar Tahir Əkbərovun Ruzigar Əfəndiyevanın sözlərinə bəstələdiyi “Qərarsız mən oldum” mahnısı xüsusilə təsirli idi. Mahir bu mahnını elə kövrəkliklə, elə şirinliklə, ürəyəyatımlı tərzdə oxuyurdu ki, dinləyicini təsirləndirir, düşündürürdü:
Bəs necə dözüm bu vaxtsız gedişə,
Heç gümanım yox bir də biz görüşək.
Qərarsız mən oldum, vəfasız mən oldum...
Dinləyici bu ifanın ovsununa düşərək xəyallar aləminə qərq olur. Belə anlarda musiqi səni öz ağuşuna alıb başqa bir sirli-soraqlı aləmə aparır. Mahnının melodiyası kimi sözləri də ürəyə yol tapandır.
Mahir Rzayev uzun müddət el şənliklərinin, toyların yaraşığı olub. Ətrafındakı insanlarla xoş ünsiyyət, mehriban münasibət yaradırdı...
2018-ci ilin son günlərində Mahir Rzayevin 62 yaşında dünyasını dəyişməsi onun bütün pərəstişkarlarını, dost-tanışlarını kədərləndirdi.
Allah rəhmət eləsin.
Nazim ZEYNALOV
Hacıqabul