Fevralın 15-də Azərbaycan Milli Kitabxanasında görkəmli alim, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, akademik Arif Paşayevin 85 illiyi münasibətilə kitab sərgisi açılıb.
Sərginin açılışında kitabxananın direktoru Kərim Tahirov çıxış edərək akademik Arif Paşayevin elmi fəaliyyəti haqqında məlumat verib, onun 30-dan artıq kitab və monoqrafiyanın, 400-dən çox elmi əsərin müəllifi olduğunu, alimin əldə etdiyi elmi nəticələrin beynəlxalq sərgi və müsabiqələrdə medallar və diplomlarla təltif olunduğunu diqqətə çatdırıb.
Kitabxananın direktor müavinləri Ədibə İsmayılova və Mələkxanım Hacıyeva görkəmli alimin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətindən danışıblar.
Sərgidə akademik Arif Paşayevin Azərbaycan və digər dillərdə çap edilmiş kitabları, elmi məqalələri, beynəlxalq simpozium və konfranslardakı çıxışlarının tezisləri, müəlliflik şəhadətnamələri və ixtira patentləri haqqında yazılar, həmçinin alimin elmi, pedaqoji, ictimai fəaliyyəti haqqında 300-dən artıq ədəbiyyat nümayiş edilir.