Moskva Kino Evində Azərbaycanın məşhur kinorejissoru, yazıçı, SSRİ-nin və Azərbaycanın Xalq artisti Əjdər İbrahimovun anadan olmasının 95 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib.
Xatirə gecəsi Rusiya Kinorejissorlar Gildiyasının, Ümumrusiya Azərbaycanlılar Konqresinin təşəbbüsü, Azərbaycanın Moskvadakı səfirliyinin dəstəyi ilə təşkil edilib.
Gecədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Türkiyənin Rusiyadakı səfiri Aydın Adnan Sezgin, SSRİ Xalq artisti Marlen Xutsiyev, Azərbaycanın Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov, Rusiyanın xalq artistləri İrina Miroşniçenko, Yekaterina Jemçujnaya və başqaları iştirak ediblər.
Dramaturq və teatr jurnalisti, Əjdər İbrahimovun xanımı Marqarita Maleyeva məşhur rejissorun həyat və fəaliyyəti barədə söhbət açıb. Qeyd edib ki, rejissor yaradıcılığının ən gözəl nümunələrindən olan ekran əsərləri - İmran Qasımovun ssenarisi üzrə “Onun böyük ürəyi”, Nazim Hikmətin ssenarisi üzrə “Bir məhəlləli iki oğlan” filmlərini Bakıda çəkib.
Əjdər İbrahimovun yaradıcılığının 40 ili “Mosfilm” studiyası ilə bağlı olub. Rejissorun çəkdiyi bədii filmlər həm Azərbaycan, həm də Rusiya kinematoqrafının qızıl fonduna daxildir. Onun “Ulduzlar sönmür”, “Qəribə oğlan”, “Məhəbbətim mənim, kədərim mənim” filmlərini xatırlamaq kifayətdir.
Rejissorun M.Qorki adına studiyada “Azərbaycanfilm” ilə birlikdə çəkdiyi “Bir məhəlləli iki oğlan” bədii filmi 1958-ci ildə Moskvada keçirilən ümumittifaq kinofestivalının diplomuna layiq görülüb. Filmin operatorları Rasim Ocaqov və Marqarita Pilixina idi. Dahi Azərbaycan bəstəkarı Qara Qarayev bu filmə yazdığı gözəl musiqiyə görə mükafat alıb.
Gecədə Əjdər İbrahimovun dostları və məsləkdaşları rejissor haqqında xatirələrini bölüşüblər. Qeyd edilib ki, kinorejissorun Vyetnamda işlədiyi dövr onun həyatında xüsusi yer tutur. Vyetnamda kommunist rejiminin rəhbəri Xo Şi Minin xahişinə və SSRİ Mədəniyyət Nazirliyinin göndərişinə əsasən Əjdər İbrahimov bu ölkədə bədii kino məktəbi yaradıb, rejissor sənəti üzrə ustad dərsləri keçib. Vyetnamda üç bədii film çəkib, onlardan ikisi - “Ağgöz quş” və “İki əsgər” filmləri Kann və Venesiya beynəlxalq kinofestivallarının mükafatlarına layiq görülüb. Əjdər İbrahimov Vyetnamın ali mükafatı - SSRİ-də Sosialist Əməyi Qəhrəmanı adının analoqu “Əmək” ordeni ilə təltif edilib.