“İnsanları öldürmək üçün kəşf edilən güllə, top, bomba, barıt və digər silahlardan daha dəhşətli nə ola bilər?” kimi ümumbəşəri sualla beyinlərə dur çağırışı edən Lev Tolstoy, görəsən, Xocalı kimi insanlıq dramına nə deyərdi? Ümumən, bəşəri ideallar və soyqırımı ifadələrini yanaşı qoyduqda müasir insan, insanlıq niyə susur? Əgər susmursa, bəs o səs niyə eşidilmir?

İllərdir bu suallar və oxşar hislərin ağuşunda 26 fevralı – Xocalı soyqırımının ildönümünü qeyd edirik. Etiraz, kədər və hüznlə bu faktın eksponatlara çevrildiyi məkana – Azərbaycan Respublikası Hərbi Prokurorluğu nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyinə yollandıq...

Qurumun mətbuat xidmətinin rəhbəri Firad Əliyev Hərbi Prokurorluğun inzibati binasında yerləşən muzeyin beş ildir fəaliyyət göstərdiyini deyir: “Muzeyin təşkilində məqsəd tarixi həqiqətləri - tarix boyunca Azərbaycan xalqına qarşı törədilmiş deportasiyalar, soyqırımları, terror hadisələri və digər sülh, insanlıq əleyhinə cinayətlər barədə məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır. Qan yaddaşımıza həkk olunmuş Xocalı soyqırımı, ermənilərin işğal etdikləri Azərbaycan torpaqlarında törətdikləri digər cinayətlər barədə gənclərin məlumatlanması və bunu dünyaya çatdırmaları çox önəmlidir”.

Ekspozisiya sahəsi 6 nümayiş və 1 kino zalından ibarət muzey tarix, deportasiya-repressiya, soyqırımı və terror bölmələrindən ibarətdir. Bələdçimiz – Hərbi Prokurorluğun əməkdaşı Fatma Heydərova eksponatlar haqqında məlumat verir: “Muzeyin tarix bölməsində Gülüstan və Türkmənçay müqavilələrinin əlyazmaları saxlanılır. XX əsrin əvvəllərində Daşnaksutyun Partiyası və digər erməni terror təşkilatlarının Azərbaycandakı dağıdıcı fəaliyyətlərini əks etdirən cinayət işləri və ərazilərimizin Ermənistana verilməsi haqqında sənədlər də nümayiş olunur. Burada 1918-ci ilin mart soyqırımı ilə bağlı məlumatlar da var. Azərbaycanlıların Ermənistandan deportasiyası ilə əlaqədar sənədlər və açılmış cinayət işləri də bu bölmədə saxlanılır”.

Muzeydə Xocalı sakinlərinə qarşı törədilmiş erməni vəhşiliklərini əks etdirən çoxsaylı faktlar, həmçinin şəkillər və istintaq materialları saxlanılır: “Xüsusi istintaq şöbəsində aparılan istintaq və onun fotoları da Xocalı ilə bağlı stendlərdə öz əksini tapır. Bu dəhşətli faktla bağlı şahid ifadələrinin video-görüntüləri, yəni dindirmənin kadrları da var və onlar kino zalımızda nümayiş etdirilir.

Xocalı sakini olan 5 yaşlı qızın ekspertiza rəyindən də məlum olur ki, ermənilər onun bədəninə yaxın məsafədən 17 dəfə atəş açıblar”.

Muzeydə rusiyalı rəssam Stanislav Şatkovun Xocalı faciəsini əks etdirən 3 rəsm əsəri də nümayiş olunur.

Burada diqqətçəkən Xocalı maketi barədə də məlumat verən bələdçi ziyarətçilərin bu hissəyə xüsusi maraq göstərdiklərini deyir: “Gördüyünüz maket Xocalıya hücumu əks etdirən yeganə maketdir. Burada ermənilərin Xocalı rayonuna bir neçə istiqamətdən hücumu əks etdirilib. Qarabağda yeganə hava limanı Xocalı aeroportu olduğundan bura ermənilər üçün xüsusi əhəmiyyətə malik idi. Maket müəllifləri dəhşətli faciəni, qurbana çevrilən yüzlərlə insanı, onların yaşadıqlarını təsvir etməyə çalışıblar”.

Soyqırımı bölməsində “Ruhların üsyanı” adlı rəsm əsəri nümayiş olunur. Rəssam Nazim Məmmədov bu əsərini Xocalıda qətlə yetirilmiş günahsız insanların ruhuna ithaf edib.

Muzeydə Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş dinc əhalinin fotoşəkilləri, ölüm haqqında şəhadətnamələri və onlara məxsus əşya və sənədlər də yer alıb.

Ayrıca stend isə bir ailənin faciəsini əks etdirir: “Erməni silahlı dəstələri 1991-ci il dekabrın 2-də Meşəli kəndinə hücum edərkən ilk növbədə Novruz Novruzovun ailəsini hədəf alırlar. Ev sahibi öz ailəsini qorumaq üçün ermənilərə müqavimət göstərdiyinə görə ermənilər onun ailəsini gözünün qarşısında yandırıb. Buradakı saç hörüyü onun həyat yoldaşı Adilə Novruzovaya məxsusdur, qadının başından qopardılıb. Digər geyim əşyaları da həmin ailəyə məxsusdur. Bu da o ailənin çırağıdır ki, erməni qəsbkarları bu ailənin işığını söndürüb, axırına çıxıb. Bu əşyalar ailənin sağ qalmış nümayəndəsi tərəfindən muzeyə təqdim olunub”.

Ekspozisiyada işğal edilmiş yaşayış məntəqələri sakinlərinin həyatının müxtəlif məqamlarını əks etdirən nümunələr, şəxsi əşyalar dəhşətli mənzərə yardır. Oyma sənəti ilə məşğul olan ağdamlı gəncin əl işləri, rəssam həmyaşıdının rəsm nümunələri, qayğısız gəncliyini yaşayan sakinin musiqi alətləri, sahibinin dilləndirmədiyi, kökdən düşmüş tar, qarmon, kənd həkiminin parçalanmış yardım çantası, bombardmana düşən 12 yaşlı uşağın dağılmış məktəbli çantası və daha neçə-neçə əşya... İndi soyuq eksponata çevrilən bu əşyalar sahiblərinin haqqını tələb edirmiş kimi stendlərdə susqun “etiraz” edirlər.

Onu da qeyd edək ki, muzeyi ziyarət etmək (əvvəlcədən vaxt təyin etməklə) ödənişsizdir.

Həmidə NİZAMİQIZI