Fevralın 20-də Muzey Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Dövlət Rəsm Qalereyası, Azərbaycan Rəssamlar İttifaqının Gəncə filialı və Gəncə şəhər Uşaq Rəssamlıq Məktəbinin dəstəyi ilə ”Xəzinə“ adlı rəsm sərgisi nümayiş olundu.
Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov sərginin əhəmiyyətindən danışdı. Bildirdi ki, sərginin təşkilində məqsəd Azərbaycan bədii ənənələrini, mədəni irsini, gənc rəssamların bədii inkişafının dəstəklənməsi və formalaşması üçün uyğun mühitin yaradılması, bədii yaradıcılığın müxtəlif sahələrində (təsviri və dekorativ-tətbiqi sənət) işləyən gənc, perspektivli rəssamların aşkarlanması, habelə onların dəstəklənməsi, region rəssamlarının bədii yaradıcılığına geniş ictimai marağın cəlb olunmasıdır: “Belə sərgilər bölgələrdə yaşayan gənc istedadlı rəssamları daha geniş auditoriyaya tanıtmaq imkanı yaradır. Gəncədə kifayət qədər potensialı, yaradıcılıq bacarığı olan rəssamlarımız var. Növbəti dəfə bu sərginin Gəncədə də keçirilməsi nəzərdə tutulub”.
Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov çıxışında qeyd etdi ki, bu cür tədbirlərin keçirilməsi bölgələrimizdə yaşayan istedadlı sənət adamlarını tanımağa kömək edir. Bugünkü sərgidə Gəncə şəhərindən 50 rəssamın əsəri nümayiş olunur. Onların arasında diqqətçəkən, maraq doğuran əsərlər çoxdur.
Diqqətə çatdırıldı ki, sərgidə tanınmış rəssamlar Nazim Babayev, Akif Hüseynov, Şaiq Məmmədov, Fəxri Musazadə, gənc rəssamlar Elçin Cəfərov, Məhər Məhərrəmov, Təlatüm Məmmədov, Asif Yolçuyev, Ülviyyə Kərimzadə və başqalarının əsərləri nümayiş olunur. Gəncə Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan bir neçə əsər də ekspozisiyaya daxil edilib.
Daha sonra Xalq rəssamı Arif Əziz, Gəncə Dövlət Universitetinin Təsviri incəsənət kafedrasının professoru Şaiq Məmmədov və sərginin kuratoru Mehparə Abbasova sərgi ilə bağlı təəssüratlarını bildirdilər. Gəncəli rəssamlara yeni yaradıcılıq axtarışlarında uğurlar arzu etdilər.
Sonra rəssamlar Mədəniyyət Nazirliyinin və Azərbaycan Rəssamlar İttifaqının təşəkkürnamələri ilə təltif edildilər.
Çıxışlardan sonra tədbir iştirakçıları sərgiyə baxmağa dəvət olundular. Sərgi fevralın 25-dək davam edəcək.
Savalan FƏRƏCOV