TÜRKSOY-un layihəsi ilə “Türk dünyasından əzgilər” adlı konsert turu
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY qopuz, komuz, qanun və bağlama kimi qədim türk musiqi alətlərini bir araya gətirərək “Türk dünyasından əzgilər” adlı konsert proqramına başlayıb.
Konsertlərdən birincisi fevralın 19-da Bursada Merinos Atatürk Mədəniyyət Mərkəzinin salonunda gerçəkləşib.
Bursa Böyükşəhər Bələdiyyəsi və TÜRKSOY-un işbirliyi ilə düzənlənən konsertə sənətsevərlər böyük maraq göstəriblər.
Tədbirdə öncə açılış nitqi ilə çıxış edən TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş təmsil etdiyi qurumla Bursa Böyükşəhər Bələdiyyəsinin illərdir davam edən işbirliyindən söz açıb. Eyni zamanda o, tamaşaçılara Qazaxıstanın Qızılorda Kamera Orkestri ilə müxtəlif türkdilli ölkələrdən solistləri necə bir araya gətirdikləri haqqında məlumat verib. Fırat Purtaş sənətçilərin bu tur üçün Qızılorda şəhərində iki həftə məşq etdiklərini bildirib.
Sonra qazaxıstanlı və türkiyəli dirijorlar Anvar Akbarov və Seval Kadıoğlunun idarə etdiyi orkestrin müşayiəti ilə konsert proqramı təqdim olunub və tamaşaçılarda böyük maraq doğurub.
Qeyd edək ki, qədim türk musiqi alətlərini bir araya gətirən konsert turunun ikincisi Balkanlarda – Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilib.
Türkiyənin və Qazaxıstanın Bosniya və Herseqovinadakı səfirliklərinin dəstəyi və Yunus Əmrə İnstitutunun iştirakı ilə gerçəkləşən konsertdə Qızılorda Kamera Orkestri və türk qədim musiqi alətləri ifaçılarının çıxışı izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
Proqramın açılışında danışan Türkiyə səfiri Haldun Qoç konsertin ənənəvi Sarayevo Qış Festivalı çərçivəsində reallaşmasının xüsusilə əlamətdar olduğunu vurğulayaraq sənətçilərə təşəkkür edib.
“Türk dünyasından əzgilər” adlı konsert turunun növbəti proqramları Serbiya və Macarıstanda davam edəcək.
Mehparə SULTANOVA
Ankara