Prezident İlham Əliyev fevralın 22-də Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda vurğulanır ki, 2019-cu ilin mart ayında anadan olmasının 100 illiyi tamam olan Hacıbaba Hüseynov qədim xanəndəlik sənəti ənənələrinin layiqli davamçılarından biri kimi muğamı və bədii sözü ahəngdar şəkildə uzlaşdıraraq yüksək ifaçılıq mədəniyyətinin parlaq nümunələrini yaradıb. Təsirli və məlahətli səsə malik sənətkar mahir ifaçısı olduğu rəngarəng muğamlarla yanaşı, çoxsaylı təsniflər və xalq mahnıları ilə musiqisevərlərin qəlbində silinməz iz qoyub. Hacıbaba Hüseynov daim saflığını qorumağa çalışdığı muğamın tədrisi sahəsində də uzun illər səmərəli fəaliyyət göstərib və məşhur xanəndələr nəslinin yetişdirilməsinə böyük əmək sərf edib.
Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.