Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Ankaranın Qızılcahamam rayonunda yerləşən Xocalı abidə-muzey kompleksində anım mərasimi təşkil olunub.
Azərbaycanın Türkiyədəki səfirliyi ilə yerli bələdiyyənin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə səfir Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, TBMM-in üzvü Əmrullah İşlər, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Qızılcahamam bələdiyyəsinin sədri Muhiddin Güney və başqalarının çıxışları dinlənilib.
Çıxışlarda 27 il əvvəl Xocalıda ermənilər tərəfindən törədilən insanlıq əleyhinə cinayətin səbəb, məqsəd və dəhşətli nəticələrindən danışılıb. Diqqətə çatdırılıb ki, saxta “soyqırımı” iddiası ilə Türkiyəni günahkar çıxarmağa çalışan Ermənistan, o cümlədən bu məsələdə təcavüzkar dövlətə dəstək verənlər dünya ictimaiyyəti tərəfindən daha geniş şəkildə qınanılmalı və ittiham olunmalıdır. Rəsmi hissədən sonra Xocalı abidə-muzey kompleksinin önünə əklil, gül dəstələri qoyulub.
* * *
İstanbulda Türk Dünyası Araşdırmaları Vəqfi “Xocalı soyqırımı və erməni problemi” mövzusunda tədbir keçirib.
Tədbirdə çıxış edən Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Attar XX əsrin əvvəllərində Ermənistanın yerləşdiyi ərazinin əslində tarixi İrəvan torpağı olduğunu vurğulayaraq qeyd edib ki, bu bölgələrdə ermənilərin məskunlaşdırılması çar Rusiyasının məkrli planlarının tərkib hissəsi idi. Tədbirdə Türkiyənin elm adamları, ziyalılar, media nümayəndələri iştirak ediblər.
* * *
Azərbaycanın Türkiyənin Qars şəhərindəki baş konsulluğunun təşəbbüsü ilə qardaş ölkənin şərq bölgəsində fəaliyyət göstərən QHT-lər İğdırda Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım yürüşü keçiriblər.
İğdırın mərkəzində qurulmuş çadırda Xocalı soyqırımına həsr olunan sərgi təşkil edilib. Yürüşdə “Dünya, Xocalıya səssiz qalma!”, “Xocalı şəhidlərini rəhmətlə, ehtiramla anırıq!” və sair şüarlar səslənib.
* * *
Bu günlərdə Ankarada keçirilən III Milli Birlik və Bərabərlik Simpoziumunda da Xocalı soyqırımından söz açılıb. İLESAM-ın (Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məslək Birliyi) təşkilatçılığı, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, TİKA-nın dəstəyi ilə gerçəkləşən simpoziuma türkdilli ölkələrdən elm adamları, yazarlar qatılıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri, İLESAM-ın Azərbaycan təmsilçisi Xəyal Rza, Azərbaycan Müəllifləri İctimai Birliyinin sədri İsmayıl Məmmədkərimov, AYB-nin Moskva bölməsinin sədri, professor Abuzər Bağırov iştirak ediblər. Simpoziumun panelində çıxış edən X.Rza Xocalı soyqırımının və ortaq dərdlərimizin dünyaya tanıdılmasında türkdilli xalqların daha aktiv işbirliyinin vacibliyini vurğulayıb.
Mehparə SULTANOVA
Ankara