Kann kinofestivalının proqramında ilk dəfə Azərbaycan filmi də yer alıb

Mayın 14-də dünya kinosunun ən nüfuzlu müsabiqələrindən olan Kann beynəlxalq film festivalı işə başlayır. Bu il 67-ci dəfə keçirilən festivalın müsabiqə proqramında ilk dəfə olaraq Azərbaycan filmi də yer alıb.

“Azərbaycanfilm” kinostudiyasının və “Buta Films” şirkətinin birgə istehsalı olan “Sonuncu” (“The Last One”) qısametrajlı bədii filmi festivalın “Qısa metr” proqramında nümayiş olunacaq. Azərbaycan və Rusiya kinematoqrafçılarının birgə layihəsi olan ekran əsərinin qəhrəmanı II Dünya müharibəsinin sonuncu veteranıdır. Filmin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur. Fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən 15 dəqiqəlik filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.
Ümumiyyətlə, 2014-cü ildə müsabiqəyə dünyanın 128 ölkəsindən 3450 kinofilm göndərilib. “Qısa metr” müsabiqə proqramında Azərbaycan filmi ilə yanaşı, daha səkkiz ekran əsəri (Gürcüstan, Çin, Yaponiya, Fransa, Belçika, Norveç, Macarıstan-Rumıniya, Kolumbiya-Britaniya filmləri) yer alıb.
Filmin çəkilişləri Şabran şəhərində, Bakının 120 kilometrliyində yerləşən Sura kəndində aparılıb.
Qeyd edək ki, builki Kann kinofestivalında ölkəmizdən daha bir ekran əsəri - “Torn” qısametrajlı filmi müsabiqədənkənar nümayiş olunacaq. Festivalın “Rejissor həftəliyi” proqramına daxil edilmiş filmin rejissorları Elmar İmanov və Engin Kundağdır. İki dünya haqqında qısametrajlı filmdə bugünkü Bakının fonunda iki insanın - ata və oğulun həyatından bir epizod təqdim olunur. Ekran əsəri Azərbaycanın “Fil Production” və Almaniyanın “Color of May” şirkətlərinin birgə əməkdaşlığı ilə ərsəyə gəlib. Filmdə Mirmövsüm Mirzəzadə, Zülfiyyə Qurbanova və Rasim Cəfər çəkilib.
Məlumat üçün bildirək ki, “Rejissor həftəliyi” Kann festivalının xüsusi paralel proqramıdır. Vaxtilə bir çox görkəmli rejissorların debüt işləri burada təqdim olunub.
67-ci Kann kinofestivalı mayın 25-dək davam edəcək. Builki festivalın münsiflər heyətinə Yeni Zelandiyadan rejissor, prodüser və ssenarist Ceyn Kepmion rəhbərlik edir. Qısametrajlı filmlər proqramı jürisinin sədri isə iranlı rejissor Abbas Kiarostamidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar