Milli Kitabxanada “Cəlil Məmmədquluzadə - 150” adlı kitab sərgisi açılıb.

Kitabxananın direktoru Kərim Tahirov ölkə başçısının müvafiq sərəncamına əsasən Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixində, ictimai fikrində özünəməxsus yeri olan ictimai xadim, publisist, novator yazıçı, dramaturq, Azərbaycanda və türk-müsəlman dünyasında satirik jurnalistikanın əsasını qoymuş Cəlil Məmmədquluzadənin 150 illiyinin ölkəmizdə geniş şəkildə qeyd ediləcəyini bildirib, yubileylə bağlı yeni nəşrlərin hazırlanacağını vurğulayıb.

Daha sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Aygün Bağırlı, institutun əməkdaşları – filologiya üzrə fəlsəfə doktorları Səadət Vahabova, Gülbəniz Babayeva çıxış ediblər.

Sərgidə ədibin əsərləri, haqqında yazılmış 300-dən çox ədəbiyyat nümayiş olunub.

* * *

Milli Kitabxanada ictimai fikir tarixində, milli ideologiyanın formalaşmasında, ədəbiyyatın və mətbuatın inkişafında əhəmiyyətli rol oynamış mütəfəkkir və ədib Əli bəy Hüseynzadənin anadan olmasının 155 illiyi, Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, akademik Həmid Araslının 110 illiyi münasibətilə də kitab sərgiləri təşkil edilib.