Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası 2013-cü ildə istehsal olunmuş filmlərlə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, ötən il Azərbaycan Prodüserlər Gildiyasının “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olmuş “Motivlər” kinoalmanaxı layihəsi üzrə beş qısametrajlı film çəkilib. “Adari Films” tərəfindən təqdim edilən layihə əsasında ekran əsərlərini xaricdə kino təhsili almış azərbaycanlı gənc rejissorlar çəkiblər.

“Motivlər” kinoalmanaxından “20-ci mərtəbə” qısametrajlı filmi komediya janrındadır. Film hündürlükdən qorxan bir gənc fəhlədən bəhs edir. Hadisələrin gedişində o, qaldırıcı kran operatorunu xilas etmək üçün bu qorxu hissini üstələməli olur. Filmin rejissoru və ssenaristi Teymur İsmayılovdur.
“Qonşu qadın” melodram janrında filmdir. Yenicə mənzilə köçmüş qadın qonşusunun ayrılıq səhnəsinin şahidi olur. Bu hadisədən sonra qonşular hissə qapılaraq xırda münaqişələrə girirlər. Ekran əsərinə Anar Abbasov quruluş verib.
“Dmitriyev küçəsi, ev 86” filmi dramatik hekayədir. Hadisələr gecə yarısı bir gənclə evini axtaran qoca qadının təsadüfi qarşılaşması fonunda təqdim olunur. Qadın tamamilə yeni və müasir Bakı ilə tanış olur. Ekran əsərinin bütün çəkilişləri gecə həyata keçirilib. Son tamamlanma işləri aparılan filmin rejissoru Cəfər Axundzadədir.
Bəxti gətirməyən bir musiqiçinin həyatını gündəmə gətirən “Bazar günü” filminin qəhrəmanı tüfeyli həyat tərzi keçirir, valideynləri və həyat yoldaşı bundan narazıdırlar. Amma günlərin birində sanki bəxti açılır və onu möhtəşəm bir yığıncaqda ifa etməyə çağırırlar. Rüfət Həsənovun quruluş verdiyi film üzərində işlər yekunlaşmaqdadır.
Cinayətkar qrup və onların qarşısını alan xüsusi xidmət orqanı işçisi haqqında olan “Zabitin şərəfi” ekran əsəri isə “action” janrındadır. Detektiv hekayədə döyüş səhnələri və digər janr elementlərindən istifadə olunub. Rejissoru Vüqar İslamzadədir. Bu film üzərində tamamlanma işləri gedir.

* * *
Kinostudiyada istehsalatda olan tammetrajlı ekran əsərlərindən “Nabat” bədii filminin çəkilişləri başa çatıb. Hərbi-vətənpərvərlik mövzusunda olan filmin quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Abdul Rəhim Beşarat, quruluşçu rəssamı Şahin Həsənlidir. Çəkilişlər İsmayıllı rayonunda aparılıb. Rollarda iranlı aktyor Motamed Arya Fatemeh, habelə Ramil Zeynalov, Rəhilə Məmmədova, Sabir Məmmədov və başqaları çəkilib.
“Axınla üzü aşağı” filmi üzərində işlər də yekunlaşır. Hadisələr Mingəçevirdə, Kür çayı sahilində cərəyan edir. Avarçəkmə idman növü üzrə məşqçi-müəllim və oğlu arasında baş verən münaqişə ekran əsərinin düyün nöqtəsidir. Bu münaqişədən sonra oğlunun qəflətən Kür çayında batması xəbəri, onun axtarışları, atanın çəkdiyi iztirablar və digər hadisələr süjet xəttini daha maraqlı edir. Dramatik faciə janrında olan filmin quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayxan Salardır.
Çəkilişləri yekunlaşan bədii filmlərdən biri də “Axırıncı dayanacaq”dır. Komediya janrında filmdə əsas intriqa keçmiş polkovnikin pullarını yaşadığı qocalar evində itirməsindən sonra başlayır. Öz dostlarından şübhələnən polkovnikin başına gələn hadisələr gülüş obyektinə çevrilir. Filmin rejissoru Əməkdar incəsənət xadimi Fikrət Əliyev, ssenari müəllifi yazıçı, şair İlqar Fəhmidir. Çəkilişlər əsasən Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri pansionatında aparılıb. Filmdə xalq artistləri Fuad Poladov, Tariyel Qasımov, Arif Quliyev, Zemfira Nərimanbəyova, aktyorlardan Tofiq Hüseynov, Qorxmaz Əlili, Bəhram Bağırzadə və başqaları rol alıblar.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar