Azərbaycan

27 fevral 1901 – Xalq yazıçısı Əli Qara oğlu Vəliyev (1901 – 2.2.1983) Yelezavetpol quberniyası Zəngəzur qəzasının (indiki Ermənistanın Sisyan rayonu) Ağudi kəndində anadan olub. 1918-ci ildə ailəsi Qubadlı rayonuna köçüb. “Nənəmin cəhrəsi”, “Qarlı dağlar”, “Ürək dostları”, “Anaqız”, “Narahat adam”, “Ötən günlər” və s. kitabların müəllifidir.

27 fevral 1984 – Aktyor, teatr rejissoru Eldar Həsən oğlu Əliyev (1936-1984) vəfat edib. “Dəli Kür” (Rus Əhməd), “Mən ki gözəl deyildim” (Çingiz) və s. filmlərdə  çəkilib.

 

28 fevral 1894 –  Xalq artisti Mustafa Həşim oğlu Mərdanov (1894 - 28.12.1968) Cənubi Azərbaycanın Mərənd şəhərində doğulub. Tiflis Azərbaycan Teatrında, Bakıda Milli Dram Teatrında çalışıb. “O olmasın, bu olsun”, “Əhməd haradadır?”, “Qanun naminə” və s. filmlərdə çəkilib. Azərbaycan Teatr Cəmiyyətinə rəhbərlik edib.

28 fevral 1908 – Türkoloq, filologiya elmləri doktoru Hadi İsmayıl oğlu Mirzəzadə (1908-1965) Bakıda anadan olub.

28 fevral 1918 – Xalq artisti Sofiya Bəşir qızı Bəsirzadə (Vəzirova; 1918 - 4.1.2000) Kazan şəhərində doğulub. Milli Dram Teatrının aktrisası olub. “Şərikli çörək”, “Romeo mənim qonşumdur”, “Yol əhvalatı” və s. filmlərdə çəkilib.

28 fevral 1944 – Əməkdar artist, müğənni Nəzakət Məmmədova (1944 – 21.10. 1980) Gəncədə anadan olub. Opera və Balet Teatrının solisti olub, muğam, mahnı və təsniflərin mahir ifaçısı kimi tanınıb.

28 fevral 2004 - Əməkdar artist, müğənni Rəhilə Həsənova (9.2.1925 - 2004) vəfat edib.

 

1 mart 1920 – Azərbaycanın ilk rəsmi informasiya qurumu – Azərbaycan Dövlət Teleqraf Agentliyi (AZƏRTAC) fəaliyyətə başlayıb. Sovet hakimiyyəti illərində müxtəlif adlar altında fəaliyyət göstərib. 2000-ci ildən Azərbaycan Dövlət Teleqraf Agentliyi adlandırılıb.

1 mart 1952 – Əməkdar incəsənət xadimi, kinoşünas, kinodramaturq Aydın Ərşad oğlu Dadaşov (1952 – 15.3.2017) Ağdamda doğulub. Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

 

Dünya

 

27 fevral 1807 – Amerika şairi Henri Uodsuort Lonqfello (Henry Wadsworth Longfellow; 1807-1882) anadan olub. 

27 fevral 1902 – Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1962) laureatı Con Steynbek (John Ernst Steinbeck; 1902 - 20.12.1968) anadan olub. Əsərləri: “Qəzəb salxımları”, “Edemdən şərqə”, “Siçanlar və insanlar haqqında” və s.

27 fevral 1912 – İngilis şairi və yazıçısı Lourens Darrel (Lawrence Durrell; 1912-1990) anadan olub. Qardaşı Cerald Darrellə birlikdə heyvanlar haqqında məşhur əsərlərin müəllifidir.

27 fevral 1913 – Rus şairi Sergey Vladimiroviç Mixalkov (1913 - 27.9.2009) anadan olub. SSRİ-nin dövlət himninin sözlərinin müəllifi olub.

27 fevral 1932 – Amerika aktrisası Elizabet Teylor (Elizabeth Rosemond Taylor; 1932 - 23.3.2011) anadan olub. İki dəfə “Oskar” mükafatına layiq görülüb.

 

28 fevral 1533 – Fransız filosofu və yazıçısı, İntibah dövrünün məşhur mütəfəkkiri Mişel Monten (Michel de Montaigne; 1533-1592) anadan olub.

28 fevral 1823 – Fransız tarixçisi, yazıçı və şərqşünas Jozef Ernest Renan (Joseph Ernest Renan; 1823-1892) anadan olub.

28 fevral 1893 – Rus kinorejissoru, SSRİ Xalq artisti Vsevolod Pudovkin (1893-1953) anadan olub. Kinematoqrafiyaya dair əsərlərin müəllifidir, bir çox rejissorların (o cümlədən azərbaycanlı) müəllimi olub.

28 fevral 1926 – Türk aktyoru Erol Taş (1926-1998) anadan olub.

 

1 mart 1445 – İtalyan rəssamı Sandro Bottiçelli (Botticelli; əsl adı - Alessandro di Mariano di Vanni Filipepii; 1445 - 17.5.1510) anadan olub. “Veneranın doğuluşu”, “Yaz” və s. əsərləri İntibah incəsənətinin məşhur nümunələridir.

22 fevral 1810 – Polyak bəstəkarı və pianoçusu, romantizmin parlaq nümayəndəsi Frederik Şopen (Frederic François Chopin; 1810 - 17.10.1849) anadan olub. Bəzi mənbələrdə doğum tarixi 1 mart göstərilir. Vals, noktürn, ballada, sonata, polonez və digər janrlarda əsərlərin müəllifidir.

1 mart 1888 – Ukrayna yazıçısı, pedaqoq Aleksandr Sergeyeviç Makarenko (1888-1939) anadan olub. Əsərləri: “Pedaqoji poema” (roman), “30-cu ilin marşı” (povestdə müəllifin Bakıya səfəri, neftçilərin həyatı da təsvir edilib).

1 mart 1892 – Yapon yazıçısı Ryunoske Akutaqava (1892-1927) anadan olub.

Hazırladı:  Vüqar ORXAN