Almaniyanın Baden-Baden şəhərində gənc soydaşımız, rəssam-heykəltəraş İlqar Şeydayevin metal və gipsdən hazırladığı heykəl və büstlərdən ibarət sərgisi açılıb.

Tədbirdə Alman Azərbaycan Ziyalılar Birliyinin sədri Naibə Şirinova diqqətə çatdırıb ki, Almaniyanın bir sıra şəhərlərində sərgisi keçirilən soydaşımız maraqlı və qeyri-adi əsərləri ilə tanınır.

Qalereyanın direktoru Peter Deqlov sərgi münasibətilə rəssamı təbrik edərək, əl işlərinin gələn qonaqların böyük marağına səbəb olacağını deyib.

Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser çıxışı zamanı ölkəmizin qədim tarixindən, zəngin mədəniyyətindən, füsunkar təbiətindən söz açıb. Konsul rəssamın yaradıcılığına yaxından bələd olduğunu söyləyərək əsərlərlə bağlı fikirlərini bölüşüb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Sərgi aprelin 6-dək davam edəcək.

Qeyd edək ki, İlqar Əliqasım oğlu Şeydayev 1984-cü ildə Sibirin Altay bölgəsində dünyaya göz açıb. Uşaqlıq və məktəb illəri Şamaxıda keçib. Bir gün həyətlərində qazılan quyudan çıxan gil balaca İlqarın diqqətini özünə çəkir və o, gildən müxtəlif fiqurlar düzəltməyə başlayır. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına daxil olur, görkəmli sənətkarlar Tokay Məmmədov və Fuad Salayevdən sənətin sirlərini öyrənir. 2007-ci ildə ailəsi ilə bərabər Almaniyanın Paderborn şəhərinə köçür. Burada bir çox müsabiqələrdə iştirak edib. İstedadlı heykəltəraş və rəssamın qazandığı uğurlar yerli mətbuatda da mütəmadi işıqlandırılır.

Lalə AZƏRİ