Tanınmış tarzən Şəhriyar İmanovun təqdimatında not kitabı və konsert
Fevralın 28-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Əməkdar artist, tanınmış tar ifaçısı Şəhriyar İmanovun “Tar və piano üçün caz-pop repertuarı” adlı konserti və yeni çapdan çıxan kitabının təqdimatı keçirilib.
Konsert İsveçrənin ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunub. İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) dəstəyi ilə çap edilən “Şəhriyar İmanovun təqdimatında caz və pop repertuarı” adlı kitabda XX əsrin məşhur pop və caz əsərləri tar və piano üçün transkripsiyada verilib.
Tədbirdə çıxış edən AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi bir vaxtlar konservatoriyanın tələbəsi olmuş və hazırda həmin ali məktəbdə müəllim kimi çalışan Ş.İmanov haqqında fikirlərini bölüşüb. O, tarzənin gənc olmasına baxmayaraq, çətin işin öhdəsindən uğurla gəldiyini deyib. Bildirib ki, tar musiqi alətinin və ümumilikdə Azərbaycan milli musiqisinin təbliğində Ş.İmanovun xidmətləri təqdirəlayiqdir.
İsveçrə səfirinin müavini Simone Haeberli çıxışında “Şəhriyar İmanov Şərq və Qərb musiqisini birləşdirməklə Vaqif Mustafazadə ənənəsini davam etdirib. Kitabda bir sıra məşhur mahnıların tar və piano üçün transkripsiyası təqdim edilib”, - deyə bildirib.
Şəhriyar İmanov isə kitabın yaranması haqqında danışıb. Bildirib ki, bir neçə ay əvvəl layihəni İsveçrə səfirliyinə təqdim etdik, layihə bəyənildikdən sonra işə başladıq: “Kitabın ərsəyə gəlməsi üçün bir neçə ay çalışmışıq. Kitabda Qərb caz musiqisinin 10 məşhur əsəri yer alır”.
Layihənin rəhbəri, bəstəkar Firudin Allahverdi deyib: “Tarın imkanları o qədər zəngindir ki, istər ifaçı, istər dinləyici kimi insan daim nələrsə kəşf edəcəyinə inanır. Bu baxımdan layihədə əməkdaşlıq etmək ürəyimcə oldu. Düşünürəm ki, hazırladığımız kitab dərslik kimi də istifadə olunacaq”.
Tədbir bədii hissə ilə davam edib. Tarzən Ş.İmanov kitabda əksini tapan on əsəri ifa edib.
Konsertdə Ş.İmanovu gənc pianoçu Tural Rafael və tarzən İsmayıl Zülfüqarov müşayiət edib. Konsertdə “Strangers in the night”, “Autumn leaves”, “Historia de un amor”, “Yesterday” və başqa əsərlər səsləndirilib.