Tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərov martın 4-də Bəhreyndə konsert proqramı ilə çıxış edəcək. Konsertdə milli mahnılarımız, muğam və təsniflər səsləndiriləcək.

Bu barədə məlumat verən xanəndə deyib: “Bundan öncə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təqdim etdiyimiz konsert uğurlu oldu. Konsert çərçivəsində “Şur” muğamını ifa etməyim zalda böyük çoşqu ilə qarşılandı. Konserti izləyənlər arasında ərəb şeyxi və səfirliyimizin nümayəndələri də var idi. Konsertdə çoxsaylı musiqi janrları üzrə vokalçı Pyer de Tregomən ilə mən ənənəvi muğam və açıq improvizasiyalardan ibarət orijinal repertuar təqdim etdik. Ümid edirəm ki, fransız həmkarımla birlikdə budəfəki konsertimiz də möhtəşəm alınacaq”.

Qeyd edək ki, konsertdə Qoçaq Əsgərovla fransız vokalçını İbrahim Babayev (tar), Elnur Mikayılov (kaman), Əməkdar artist Kamran Kərimov (nağara) müşayiət edəcək.