Ukrayna Milli İctimai Teleradio Şirkəti (NSTU) xəbər verib ki, bu ölkədən heç bir ifaçı “Eurovision 2019” müsabiqəsində iştirak etməyəcək.

NSTU əvvəlcədən elan edilmiş namizədlərin milli müsabiqə çərçivəsində seçilməsini aparmaqdan imtina edib. Bundan öncə isə xəbər verilmişdi ki, altı finalçıdan dördü mahnı müsabiqəsində iştirak etməyəcək. “Kazka” və “Brunettes Shoot Blondes” musiqi qrupları, həmçinin milli müsabiqədə ikinci yeri tutmuş “Freedom Jazz” ansamblı da beynəlxalq mahnı müsabiqəsinə getmək istəmədiklərini bəyan ediblər. Daha sonra seçmə yarışların qalibi olmuş müğənni Maruv (Anna Korsun) da “Eurovision 2019” müsabiqəsində iştirak etməyəcəyini bildirib. Maruv bu addımını ona təklif olunan kontraktın şərtlərinə razı olmaması ilə izah edib. Müğənni Rusiyada konsertlər verdiyinə görə Ukraynada sərt tənqid olunur. O, tənqidlərə cavabında qeyd edib ki, öz musiqisi ilə “sülhə çağırır və xalqları birləşdirmək istəyir”.

NSTU müğənnilərlə kontraktın şərtlərini açıqlayıb. Həmin şərtlərə görə, “Eurovision 2019” müsabiqəsində Ukraynanı təmsil edəcək müğənni və ya qrup  Rusiyada konsert verə bilməz. Ukrayna Baş nazirinin müavini Vyaçeslav Kirilenko cəmiyyətdə böyük rezonans doğuran həmin şərtin dəyişdirilməsini təklif etmişdi. Bununla belə, “Eurovision” yayımçısı olan Ukrayna Milli İctimai Teleradio Şirkəti öz qərarını verib.

Xatırladaq ki, Ukrayna iki dəfə “Eurovision” müsabiqəsinin qalibi olub. 2004-cü ildə müğənni Ruslana, 2016-cı ildə isə Camala yarışmada birinci yerə layiq görülüb.