Əməkdar rəssam Rafael Abasovun yubiley sərgisi

Sənətşünasların, həmkarlarının məhz bu cür təqdim etdiyi görkəmli fırça ustası, əsərləri çoxsaylı kolleksiyalarda və muzeylərdə qorunub saxlanılan Əməkdar rəssam Rafael Abasov 75 illik yubiley təntənəsində sənətsevərlərin arasında idi.

Fevralın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Rəssamlar İttifaqının iştirakı ilə rəssamın yubileyinə həsr olunmuş fərdi sərgisi açıldı.

Rafael Abasov rəngkarlıq məkanında imzası axtarılan rəssamlardandır. Ölkəmizin, xüsusən də Abşeron və Naxçıvanın doğma təbiətini böyük sevgi ilə tərənnüm edən rəssamın “Qızıl payız”, “Qala”, “Neft qazmaçıları”, “Yaşıl göl”, “Qala kəndi”, “Gecə”, “Bilgəh”, “Bahar təranəsi”, “Qayalı sahil”, “Lerik mənzərəsi”, “Xınalığa gedən yol” əsərlərində yaradıcı yanaşmanın təbiətlə harmoniyası əksini tapıb.

Rəssamın müxtəlif illərdə çəkdiyi mənzərə və portretləri, süjetli tabloları, natürmortları maraqla izlənildi. Rəng harmoniyası, təsvirin daxili emosiyasını, çalarlar arasındakı rabitəni ustalıqla həll edən rəssamın mənzərə janrındakı tabloları xüsusilə cəlbedicidir.

Mikayıl Abdullayev və Tahir Salahov kimi dünya şöhrətli sənətkarlardan dərs alan Rafael Abasov 1967-ci ildən başlayaraq respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısıdır, əsərləri müxtəlif ölkələrdə nümayiş etdirilib.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev yubilyarı təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladı. Bildirdi ki, Rafael müəllim özünün yaradıcılıq üslubu ilə seçilən rəssamlardandır. O, Azərbaycanın çağdaş təsviri sənətinin çətin mənəvi yükünü çiynində əzmlə daşıyan və öz yaradıcılıq axtarışları ilə milli rəssamlıq məktəbimizin beynəlxalq miqyasda nüfuzunu qoruyan sənətkarlardandır.

Vurğulandı ki, portret janrının tanınmış ustalarından olan rəssam görkəmli şəxsiyyətlərin təsvirlərini fərqli çalarlarla kətana köçürərək dəyərli sənət əsərləri yaradıb. Bu insanların portretlərində onların realist təsviri ilə yanaşı, daxili dünyası da rəng və üslub xüsusiyyətlərindəki özünəməxsusluq sayəsində ustalıqla əks etdirilib. Rəssamın böyük zövq və məsuliyyətlə yaratdığı bu əsərlər müxtəlif muzey və kolleksiyaların ən baxımlı nümunələrindəndir.

Vaqif Əliyev rəssamın həyat və sənət yolundan bəhs etdi, özünü rəssamlığın fərqli janrlarında sınayan Rafael Abasovun özünəməxsus üsluba malik olduğunu dedi. Qeyd olundu ki, əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilən, 2006-cı ildə ölkə başçısının sərəncamı ilə Əməkdar rəssam fəxri adına layiq görülən fırça ustası bu gün də maraqlı sənət nümunələri yaradır.

Rəssamın sənət dostları – Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov, xalq rəssamları Arif Hüseynov, Fuad Salayev və başqaları müəllifin portret, natürmort və mənzərə janrlarında əsərləri ilə milli incəsənət xəzinəmizin zənginləşməsinə töhfələr verdiyini dedilər.

Çıxış edənlər onu da xatırlatdılar ki, sənətdə öz yolunu yaratmaq istəyən R.Abasov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonra M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alarkən bunu nümayiş etdirə bilib. Əsərlərinin bu gün Azərbaycanın və ayrı-ayrı ölkələrin muzeylərini, nüfuzlu şəxsi kolleksiyaları bəzəməsi rəssamın əməyinə verilən dəyərdir.

Sonra söz yubilyara verildi. Sərginin təşkilinə və çoxsaylı tamaşaçıların iştirakına görə hər kəsə təşəkkürünü bildirən R.Abasov bu diqqət və qayğının, tamaşaçı sevgisinin onun yaradıcılıq əzmini daha da möhkəmləndirdiyini dedi.

Ardınca qonaqlar sərgi ilə tanış oldular.

Qeyd edək ki, rəssamın yubiley sərgisinə baxmaq istəyənlər martın 5-dək muzeyə baş çəkə bilərlər.

HƏMİDƏ