Beynəlxalq Muğam Mərkəzində muğam sənətimizin elmi-nəzəri və praktiki məsələlərinin müzakirə olunduğu dəyirmi masalar davam edir.
Fevralın 28-də keçirilən “Azərbaycan tarı, dünən, bu gün və sabah” adlı dəyirmi masa Azərbaycan Milli Konservatoriyası (AMK) ilə birgə təşkil olunub.
Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək bildirib ki, tar xalqımızın çox sevdiyi, vətənimizdə geniş populyarlıq qazanmış alətlərdən biridir. Tarın hazırlanması və tar ifaçılıq sənətimizin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi bu sənətin böyüklüyündən, bəşəriliyindən xəbər verir.
Güclü və özünəməxsus səs tembrinə malik olan Azərbaycan tarı həm solo, həm də orkestrlərdə virtuoz ifa imkanlarına malik olmaqla seçilir. Tar ifaçılığı sənətinin çoxəsrlik inkişaf və təkamül yolu Azərbaycan musiqi tarixində bir sıra ustad tarzənlərin meydana gəlməsinə möhkəm zəmin yaradıb.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov tədbirin əhəmiyyətini qeyd edərək alətin səs tembrinin insanlarda tara qarşı böyük diqqət və sevgi yaratdığını söyləyib.
Bildirib ki, tar muğam sənətinin aparıcı alətidir və bu sənətin yaşadılmasında, qorunmasında müstəsna xüsusiyyətə malikdir. Geniş səs diapazonu, aydın səs tembri, mexaniki dalğaların gec sönməsi kimi xüsusiyyətlər tarın həm də ansambl və orkestr aləti qismində inkişaf etməsinə vəsilə olub.
Tədbirdə AMK-nın elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Gülnaz Abdullazadə, görkəmli tarzənlər – xalq artistləri Ramiz Quliyev, Ağasəlim Abdullayev, Möhlət Müslümov, Fikrət Verdiyev, AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” laboratoriyasının rəhbəri Məmmədəli Məmmədov, Sadıqcanın nəticəsi, tədqiqatçısı Elxan Cəfərov və başqaları məruzələrlə çıxış ediblər.
Məruzələrdə tar alətinin yaranma tarixi, inkişaf mərhələləri, görkəmli tarzənlər, ifaçılıq sənətinin gələcək perspektivləri, tarın təkmilləşdirilməsi və bərpası kimi mövzulara toxunulub.