Salome Zurabişvili: “Əlaqələrimiz mədəniyyət sahəsində də fəallaşmalıdır”
Xalqlarımız əsrlər boyu bir-birinin yanında olmuşdur, bir yerdə olmuşdur. Bu gün də dostluq və qardaşlıq əlaqələrimiz bizim dövlətlərarası əlaqələrimiz üçün əsas amildir. Biz dövlətlərarası əlaqələri bu möhkəm təməl üzərində qururuq. Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir. Bizim siyasi əlaqələrimiz yüksək səviyyədədir, müntəzəm olaraq yüksək səviyyəli görüşlər keçirilir, məsləhətləşmələr aparılır. Gürcüstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyü məsələləri ilə bağlı daim həmrəylik göstərir və bir-birini dəstəkləyir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri fevralın 27-də Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşündən sonra mətbuata bəyanatında deyib.
Prezident vurğulayıb ki, iki ölkənin əməkdaşlığının böyük hissəsi energetika sektoruna aiddir. Eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət göstəririk: “Əlbəttə ki, bu gün bütün başqa məsələlərlə, o cümlədən humanitar, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıqla bağlı geniş fikir mübadiləsi aparıldı”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar əlaqələrimizin inkişafı üçün çox önəmli rol oynayırlar. Gürcüstan və Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkələrdir. Bu, bizim böyük sərvətimizdir: “Şadam ki, xanım Prezident Azərbaycanın şimal-qərb bölgəsinə səfər edəcək, orada yerli vətəndaşlarla görüşəcək, o cümlədən gürcü əsilli vətəndaşlarla. Bu, əlbəttə ki, onlar üçün də çox mühüm hadisə olacaq. Əminəm ki, orada yaşayan digər xalqların nümayəndələri də buna çox sevinəcəklər. Eyni zamanda, ölkəmizin gözəl guşəsi ilə tanışlıq, əminəm ki, Sizdə xoş təəssürat yaradacaqdır”.
Gürcüstan Prezidenti Salome Zurabişvili mətbuata bəyanatında iki xalqın bir yerdə tarixi yol keçdiyini vurğulayıb: “Biz coğrafi cəhətdən də yaxın qonşularıq və tarix də bizi birləşdirir. Son əsrlər ərzində birlikdə uğurlu yollar keçdik, faciələrdən keçdik. Bilirik ki, dövlət quruculuğu nə deməkdir, nə tələb edir. Bütün bunlar bizi birləşdirir. Çünki biz bütün faciələri birlikdə yaşadıq və yenə də irəliləyişə, inkişafa, mədəniyyət sahəsində tərəqqiyə nail ola bildik”.
Gürcüstanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək
Salome Zurabişvili qeyd edib ki, iki ölkə ötən əsrin sonu və bu əsrin əvvəlində birlikdə energetika sahəsində çox irimiqyaslı layihələr həyata keçirib: “Nəqliyyat dəhlizi çox vacibdir və həqiqətən, bizim əməkdaşlığımızın təməl daşıdır. Lakin əlaqələrimiz bununla məhdudlaşmır. Biz insan əlaqələrinə, mədəniyyətə, təhsilə böyük əhəmiyyət veririk və bu sahələr inkişaf etdirilməlidir. Bu sahələrdə əlaqələr hələ tam lazımi səviyyədə deyildir. Hər iki tərəf bu məsələlərdə öz səylərini daha da fəallaşdırmalıdır. Biz istərdik ki, insani münasibətlər hər iki tərəfdən daha da fəallaşsın. Bu, bizim qərarlardan asılı olacaq. Biz istəyirik ki, Gürcüstanda Azərbaycan mədəniyyəti günləri keçirilsin və Batumidə artıq planlaşdırılıb. Biz buna mütəmadi forma verməliyik və müxtəlif sahələrdəki əlaqələrimiz mədəniyyət sahəsində də fəallaşmalıdır”.
* * *
İki ölkə arasında tarixi dostluq münasibətlərinin, o cümlədən mədəni əməkdaşlığın daha da inkişaf etdirilməsi Azərbaycan Prezidenti adından xanım Salome Zurabişvilinin şərəfinə verilən rəsmi ziyafətdə də vurğulanıb.
Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən, iqtisadi sahədə də yaxşı nailiyyətlərimizin olduğunu vurğulayan Prezident İlham Əliyev “İkitərəfli əməkdaşlığın inkişafı üçün digər sahələrdə də - turizm, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, elm, təhsil, mədəniyyət sahələrində də yaxşı imkanlar və perspektivlər mövcuddur”, - deyə əlavə edib.
Gürcülər və azərbaycanlılar azadlığa gedən yolu birlikdə keçiblər
Xanım Salome Zurabişvili çıxışında Azərbaycanın böyük şəxsiyyəti – Əli bəy Hüseynzadə ilə gürcü mütəfəkkir İlya Çavçavadzenin milli dəyərlərlə bərabər avropalaşma ideyasını da təbliğ etdiklərini yada salıb: “Gürcülər və azərbaycanlılar azadlığa və dövlət quruculuğuna gedən yolu birlikdə keçiblər. Bu yol bu gün artıq bizim ümumi məqsədlərimizi müəyyən edir”.
Gürcüstan Prezidenti Salome Zurabişvili hazırda müstəqil ölkələrimizin qarşıda duran vəzifələrin həlli üçün ardıcıl iş gördüklərini vurğulayaraq deyib: “Münaqişələr və ərazi bütövlüyünün pozulması hər iki ölkənin faciəsidir. Bu gün biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün tanınması və bərpası üçün BMT-dən UNESCO-ya qədər beynəlxalq təşkilatlarda birlikdə mübarizə aparırıq. Bu faciələrə baxmayaraq, biz müasir dövlətlər qurmağa, iqtisadiyyatı inkişaf etdirməyə və böyük layihələri icra etməyə nail olduq”.
Salome Zurabişvili vurğulayıb ki, mədəniyyət və iqtisadiyyat sahələrində çoxlu layihələr mövcuddur, onlar ölkələrimizi, xalqlarımızı, gənclərimizi daha yaxın edə bilər: “Sizin ölkənizin ənənəvi əl işləri sənətkarlarını, rəssamları, bəstəkarları, yazıçıları tanıtmaq, aktual məsələlər haqqında forumlar keçirmək lazımdır: “Ölkələrimizdə yaşayan etnik gürcülər və azərbaycanlılar bizi daha da yaxın edirlər”.
* * *
Prezident Salome Zurabişvili Bakıya səfərini başa vurandan sonra Qax rayonuna gedib. O, fevralın 28-də Qax rayonunun Qaxingiloy kəndində yerləşən “Müqəddəs Georgi” kilsəsini ziyarət edib.
Ali qonağa XIX əsrin sonlarında inşa edilmiş bu ibadətgahda dini ayinlərin icrası üçün hər cür şəraitin yaradıldığı barədə məlumat verilib. Bildirilib ki, kilsə yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən qorunur.
Diqqətə çatdırılıb ki, Azərbaycanın digər rayonları kimi, Qaxda da milli azlıqların adət-ənənələrinə həmişə hörmətlə yanaşılır. Qaxda yaşayan bütün milli azlıqlara dövlət tərəfindən daim xüsusi qayğı göstərilir. Bu fakt bir daha ölkəmizin hər yerində dini tolerantlığın yüksək səviyyədə olduğunu təsdiqləyir.
Qax şəhərinin qədim “İçəribazar” tarix-mədəniyyət kompleksi ilə tanışlıq
Gürcüstan Prezidenti Salome Zurabişvili fevralın 28-də Qax şəhərinin qədim tarixi hissəsi – “İçəribazar” tarix-mədəniyyət kompleksi ilə tanış olub.
Prezidentə tarix-mədəniyyət kompleksi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Qaxda XVI əsrdən mövcud olan “İçəribazar” qala qapıları və qala divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması ölkəmizdə tarixi-mədəni irsin qorunması istiqamətində həyata keçirilən kompleks tədbirlərin əyani sübutudur. Aparılan tikinti və yenidənqurma işlərindən sonra bu kompleks müasir və füsunkar görkəm alıb. Ərazidə əsrlərdən bəri qorunub saxlanılan maddi-mədəniyyət nümunələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, həm də onun tarixinə verilən dəyəri nümayiş etdirir. Küçə boyunca qədimliyi özündə ehtiva edən qala divarları, təbii daşlar turistlərin diqqətini daha çox çəkir.
Mərkəzin ərazisindəki açıq səma altında mükəmməl layihə əsasında yaradılan 300 yerlik yay teatrı, sənətkarlıq emalatxanaları qonağın marağına səbəb olub. Burada tətbiqi sənət nümunələri, xalçaçı, toxucu, ağacoyma sənətkarlıq emalatxanaları, Şərq şirniyyatı dükanı, təndirxana fəaliyyət göstərir.
* * *
Qax rayonuna səfəri çərçivəsində Gürcüstan Prezidenti Salome Zurabişvili “El Resort” hotelinin konfrans mərkəzində rayonun gürcü icması ilə görüşüb.
“Azərbaycanda yaşayan gürcülər və Gürcüstanda yaşayan azərbaycanlılar öz milli identikliyini qoruyub saxlayıblar”, - deyən Salome Zurabişvili ölkəmizdə gürcü mədəniyyətinə göstərilən diqqəti də məmnunluqla vurğulayıb.
Ali qonaq Qax rayonunun Qaxingiloy kənd tam orta məktəbi ilə də tanış olub.
Fevralın 28-də Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb.