Prezident İlham Əliyev martın 4-də “Hüseynqulu Sarabskinin 140 illiyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamda diqqətə çatdırılır ki, 2019-cu ilin mart ayında görkəmli opera müğənnisi, aktyor, rejissor, pedaqoq və teatr xadimi, Xalq artisti Hüseynqulu Sarabskinin (Hüseynqulu Məlik oğlu Rzayevin) anadan olmasının 140 illiyi tamam olur.
Hüseynqulu Sarabski Azərbaycanın teatr və musiqi mədəniyyətinin böyük nümayəndələri sırasında layiqli yer tutan tanınmış şəxsiyyətlərdəndir. Muğamları dərindən bilən, parlaq aktyorluq istedadına malik sənətkar milli opera və operettalarda əsas partiyaların ilk və unudulmaz ifaçısı olmuş, uzunmüddətli dolğun səhnə fəaliyyəti ərzində rəngarəng obrazlar qalereyası yaratmışdır. Sarabski respublikanın mədəni həyatında yaxından iştirak etmiş, eyni zamanda, muğam sənətinin təbliği və tədrisinə mühüm töhfələr vermişdir.
Sərəncamda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə görkəmli sənətkar Hüseynqulu Sarabskinin 140 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.