Novruz bayramının, baharın müjdəçisi olan çərşənbələrdən ikincisi – Od çərşənbəsi yurdumuza qədəm qoydu.
Od çərşənbəsinə el arasında üskü (tonqal) və ya ocaq çərşənbəsi də deyirlər. İnanclara görə, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar. El arasında deyilənə görə, Od çərşənbəsində ocağı yandırıb, qazanı qaynatsan ilin sonuna qədər “ocağın yanar, qazanın qaynar” olar.
Od insan üçün sirli, cazibəli varlıqdır. Onun əldə edilməsi insanlar üçün çox böyük tapıntı, yaşam üçün əvəzsiz bir vasitə olub. Babalarımız oda inamı müqəddəslik səviyyəsinə qaldıraraq mənalandırıblar. Od işıq qaynağı olaraq qaranlığı yarır, insanı aydınlığa çıxarırdı. Bu gün də kainatda yaşam üçün təbii işıq və istiliyin başlıca qaynağı olan günəşin hər gün doğmasını, bizi aydınlığa çıxarmasını, isindirməsini istəmirikmi? Əzəldən insanın oda olan inamı, sevgisi başlıca olaraq qaranlığı qovan, yoxa çıxaran işığa, aydın səmaya olan inamdır.
Ötən axşam (5 mart) Od çərşənbəsinin tonqalları qalandı, oyanan təbiətin nəfəsi ətrafa yayıldı. Novruza iki çərşənbə (yel və torpaq) qaldı...