Görkəmli kinorejissor Tofiq Tağızadənin xatirə gecəsi

Martın 1-də Muzey Mərkəzində Mədəniyyət Nazirliyinin və Dövlət Film Fondunun birgə dəstəyi ilə görkəmli kinorejissor, Xalq artisti Tofiq Tağızadənin xatirə gecəsi keçirildi.

Tədbiri kinorejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev açaraq sənətkarın həyat və yaradıcılığından danışdı. Diqqətə çatdırdı ki, Tofiq Tağızadə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında əmək fəaliyyətinə başlayıb, quruluş verdiyi ekran əsərləri ilə milli kino tariximizi zənginləşdirib. Vurğulandı ki, ömrünün 40 ildən çoxunu kinoya həsr edən Tofiq Tağızadə “Görüş”, “Uzaq sahillərdə”, “Arşın mal alan” (1965), “Yeddi oğul istərəm”, “Dədə Qorqud” və s. məşhur filmlərin quruluşçu rejissorudur. Tofiq Tağızadə əsl peşəkar idi, o, tarixi, macəra, komediya və digər janrlarda çəkdiyi filmlərdə bunu sübut edib.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında Tofiq Tağızadənin həyat və yaradıcılığından danışaraq qeyd etdi ki, görkəmli kinorejissor fəaliyyətində dünya kinematoqrafiyasının mütərəqqi təcrübəsindən yaradıcı şəkildə bəhrələnib. Eyni zamanda özünəməxsus dəst-xətti ilə Azərbaycan kino sənətinə mühüm yeniliklər bəxş edib. Onun quruluş verdiyi filmlərin hər birinin maraqlı süjeti var. Rejissorun mövzulara özünəməxsus yanaşma tərzi isə milli kinoya yeni nəfəs gətirib.

Vaqif Əliyev onu da qeyd etdi ki, Tofiq Tağızadənin 100 illiyi ilə bağlı ölkə başçısının sərəncamına müvafiq olaraq, bu il sənətkarın yubileyinə həsr edilən çoxsaylı tədbirlər keçiriləcək. Bu, dövlətimiz tərəfindən istedadlı şəxsiyyətlərin fəaliyyətinə böyük diqqətin göstəricisidir. Tofiq Tağızadə öz işinin sənətkarı olub və çəkdiyi filmlərlə adını Azərbaycan kinosu tarixinə əbədi həkk edib.

Xalq artisti Əbdül Mahmudbəyov sənətkarla bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, özünü çəkiliş meydançasından kənarda təsəvvür etməyən Tofiq Tağızadə təkcə hərtərəfli istedadlı rejissor deyildi, o həm də gözəl insan idi.

Tədbirdə daha sonra Xalq artisti, teatr rejissoru Mərahim Fərzəlibəyov, Əməkdar artist Elxan Qasımov, əməkdar incəsənət xadimləri Cəmil Quliyev, Ənvər Əbluc çıxış edərək Tofiq Tağızadə ilə bağlı xatirələrini bölüşdülər. Qeyd olundu ki, sənətkarın yüksək estetik meyarlarla xalqımızın mədəni, mənəvi irsini əks etdirən rəngarəng mövzulu  ekran əsərləri Azərbaycan kinosunun qızıl fonduna daxil olub. Tofiq Tağızadənin respublikada kino işinin təşkili və kadr hazırlığı sahəsində də təqdirəlayiq xidmətləri var.

Sonra rejissorun zəngin sənət yolunu əks etdirən video-çarx nümayiş olundu. 

S.FƏRƏCOV