Xəbər verdiyimiz kimi, Astanada yerləşən Beynəlxalq Türk Akademiyası tərəfindən “Ortaq türk tarixi” və “Ortaq türk ədəbiyyatı” tədris vəsaitləri hazırlanıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VI zirvə toplantısının birgə bəyanatı və 2015-ci il sentyabrın 5-də Astanada TDƏŞ təhsil nazirlərinin IV toplantısında qəbul olunan qərarlar əsasında üzv ölkələrin mütəxəssisləri “Türk dünyası coğrafiyası” dərsliyi üzərində də işləyirlər.
Dərsliyin proqram layihəsini müzakirə etmək məqsədilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin müvafiq nazirliklərinin nümayəndələri və ekspertlər Astanada bir araya gəliblər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib ki, yeni tədris proqramı əsasında hazırlanacaq dərslik gənclərdə Ötükəndən Balkanlara qədər uzanan geniş coğrafiyaya dair təsəvvür formalaşdıracaq. Bu layihənin bütün türk dünyası üçün bir sərvət olacağını bildirən akademiya rəhbərinin sözlərinə görə, dörd ölkənin mütəxəssislərinin razılaşdırdığı tədris proqramı həm də keyfiyyətli dərsliyin təminatıdır.