Rəqəmsal texnologiyaların və internetin mövcudluğu şəraitində ənənəvi folklorşünaslığın bir sıra təməl prinsipləri öz gücünü itirib
Filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyevin “Virtual mühitdə folklor: ənənə və kommunikasiya” kitabı işıq üzü görüb. Mövzu ilə əlaqədar müəllif bəzi suallarımızı cavablandırıb.
- Hikmət müəllim, günümüz üçün çox aktual olan bir sahədə araşdırmalar aparmısınız. Kitabın başlıca məğzi nədən ibarətdir?
- Monoqrafiya internet mühitində meydana gələn folklor yaradıcılığının özünəməxsusluğu, informasiya-kommunikasiya texnologiyalarının inkişafı kontekstində folklorda baş verən dəyişikliklər, virtual mühitdə yaranan yeni ənənə və davranışların analizinə həsr olunub.
Kitabda virtual mühitdə folklorun aktuallaşma perspektivləri, “üz-üzə” ünsiyyətdən virtual kommunikasiyaya keçid məsələləri, internetdə cərəyan edən folklor prosesləri araşdırılıb. XXI yüzildə qloballaşma və virtuallaşmanın mövcudluğu, mədəniyyətlərin çulğalaşması və hibridləşməsinin güclənməsi, yeni fəlsəfi konsept və ideologiyaların meydana gəlməsi şəraitində sosial-mədəni reaksiya kimi folklorun virtual mühitdəki spesifikası təhlil olunub. Tədqiqatda kommunikasiya və folklor, virtual sosial mühitdə folklorlaşma, internet folklorunun semantik analizi, Azərbaycandilli virtual mühitdə folklorik dinamika kimi məsələlər çağdaş elmi-nəzəri yanaşma və baxışlar əsasında öyrənilib.
- Virtual mühitdə folklorun nəzəri-metodoloji yönləri nədən ibarətdir?
- Burada informasiya-kommunikasiya texnologiyalarının meydana çıxması kontekstində şifahi mədəniyyətdə baş verən dəyişikliklər, o cümlədən, yazının, radio, televiziya kimi kütləvi-informasiya vasitələrinin ortaya çıxması, nəhayət, ən böyük kommunikasiya vasitəsi olan internetin meydana gəlməsi ilə xalq mədəniyyətinin təbiətində gedən müxtəlif tipli proseslər təhlil olunur. Çağımızın ən böyük fenomeni olan internetin sürətlə yayılması kommunikasiya imkanlarının öncəki dövrlərlə müqayisədə tamamilə fərqli bir səviyyəyə yüksəlməsinə və cəmiyyətin bütün sahələrində fundamental dəyişikliklərin baş verməsinə gətirib çıxarıb. Belə bir şəraitdə birbaşa olaraq ünsiyyətlə sıx bağlı olan xalq mədəniyyətinin təbiətində bir sıra yeni keyfiyyətlər ortaya çıxıb, xalq biliyinin texnoloji mühit çərçivəsində ifadəsinin spesifik formaları yaranıb, bütövlükdə folklorun çağdaş cəmiyyət üçün yeni anlam və rolları meydana gəlib. Kitabın bu bölümündə “İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı kontekstində folklor”, “Virtual mühitdə folklorun aktuallaşma perspektivləri: texnologiya və mədəniyyət münasibətləri”, “Folklor və internet: virtual folklora yanaşma tendensiyaları”, “Kommunikativ dinamika kontekstində folklor: “üz-üzə” ünsiyyət və virtual kommunikasiya”, “Sözün texnolojiləşməsi”: sözdən yazıya, yazıdan rəqəmsallaşmaya keçiddə folklor”, “İnternet folklorunun araşdırılması: baxışlar və yanaşmalar” kimi problemlər təhlil olunub, araşdırılıb.
- “Rəqəmsal mərhələdə folklorun təməl anlayış və prinsiplərinin yenidən dəyərləndirilməsi” dedikdə nəyi nəzərdə tutursunuz?
- Kitabın ikinci bölümü bu məsələlərə həsr olunub. Çağımızın folklor proseslərinə bir zamanlar Alan Dundes tərəfindən fundamental şəkildə qoyulan və konseptual formada cavablandırılan “xalq” (folk) kimdir?” və “bilik” (lore) nədir?” sualları ətrafında baxılıb. Rəqəmsal texnologiyaların və internetin mövcudluğu şəraitində müəyyən olunub ki, ənənəvi folklorşünaslığın folklor barədə müəyyənləşdirdiyi bir sıra təməl prinsiplər (şifahilik, anonimlik və s.) öz gücünü itirib. Çünki bir tərəfdən qlobal informasiya şəbəkəsi daxilində milli xarakter və kimliyin digərləri ilə çulğalaşması “xalq” kimdir?” sualına yenidən baxılmasını aktuallaşdırırsa, digər tərəfdən xalq biliyinin rəqəmsal texnologiyalar əsasında ortaya çıxması “bilik” nədir?” sualına yeni baxışı qaçılmaz edir. Bu hissədə virtual folklor problemi “Virtual mühitdə folklorun şifahiliyi: “yazmaq” yoxsa “danışmaq”?”, “Virtual sosial mühitdə folklorik ənənə”, “İnternet mühitində kollektiv rəyin spesifik təzahürü: anonimliyə yeni baxış”, “İnternet folklorunun müəyyənləşdirilməsində variantlılıq məsələsi” kimi aspektlərdən araşdırılıb və bir sıra önəmli elmi nəticələr əldə olunub.
- Azərbaycandilli virtual mühitdə folklor prosesləri necə gedir?
- Virtual folklor problemi ilə bağlı mövcud elmi-nəzəri yanaşmalar Azərbaycandilli virtual mühitdə gedən folklor proseslərinə tətbiq olunub və təhlillər aparılıb. Virtual mühitdə gedən folklor prosesləri istər forma, istər məzmun, istərsə də funksiya baxımından öncəki çağlardan bütünlüklə fərqlənir. Belə ki, açıq informasiya mühiti şəraitində çağdaş fəlsəfi-ideoloji konseptlərin, trend və tendensiyaların təsiri altında virtual Azərbaycan folkloru mühitində yeni məzmunlu atalar sözləri və deyimlər, ənənəvi folklor qəhrəmanlarının ironik və parodik modelləri ortaya çıxıb. Bununla bağlı “Virtual kommunikativ mühitdə folklorik simvollaşdırmanın yeni modeli” və “Azərbaycandilli virtual mühitdə “caps”lar: milli müdrikliyin “Albert Eynşteyn” obrazı” kimi mövzular da araşdırılıb.
Folklorun “üz-üzə” kommunikasiyadan virtual kommunikasiyaya keçidi onun təcəssüm olunma vasitələrində (söz, rəsm, foto, qrafik işarə və s. formasında rəqəmsallaşma), ötürülmə və yayılma üsullarında (elektron poçt, SMS, sosial şəbəkə və s.), eləcə də söyləyici, mətn və auditoriya müstəvisində yeniliklərin yaranmasına, bütövlükdə isə ənənəvi folklordan virtual folklora keçidin baş verməsinə səbəb olub. Bu da folkloru öyrənən elmin qarşısında müxtəlif problem və suallar qoyub ki, indi dünyanın bir sıra elmi mərkəzlərində önəmli tədqiqatlar aparılır.
S.QALİBOĞLU