Xətai Sənət Mərkəzində martın 2-də açılan növbəti sərgi yaradıcı gənclərə dəstək məqsədi daşıyır.

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə, Nigar Yusupovanın layihəsi üzrə reallaşan “Yaradıcı gənc əllər” adlı sərgidə ümumilikdə  50-dən artıq gəncin əl işləri və rəsmləri yer alıb.

Sərgidə müxtəlif əl işlərindən ibarət stendlər, o cümlədən rəsmlər, muncuqdan, saplardan düzəldilən bəzək əşyaları, təbii ağacdan və epoksi maddəsindən hazırlanmış aksesuarlar, dekorativ əşyalar, daş üzərində çəkilən əsərlər nümayiş olunub.

Ekspozisiyada həmçinin Koreya Respublikasına aid bəzək əşyaları, jurnallardan ibarət guşə, bu ölkənin milli geyimi olan “hanbok” da təqdim olunub.

Tədbir istedadlı gənclərdən Cavidan Fatihi və Sevinc Rəhimovanın royal və gitarada ifaları, Natiq Musazadənin moda nümayişi ilə də yadda qalıb.