Vyana Dövlət Operasında dünyanın ən məşhur ənənəvi incəsənət hadisələrindən olan 63-cü Vyana Opera Balı keçirilib.
Mərasimə Avstriyanın dövlət və hökumət rəhbərliyi, tanınmış siyasi və ictimai xadimlər, iqtisadi dairələrin təmsilçiləri, xarici qonaqlar və diplomatik korpus nümayəndələri qatılıblar.
Balın zirvə nöqtəsini isə azərbaycanlı tenor, Xalq artisti Yusif Eyvazov və dünya şöhrətli vokalçı, soprano Anna Netrebkonun ifaları təşkil edib.
Yusif Eyvazov italyan bəstəkarı Cakomo Puççininin “Turandot” operasından “Nessun dorma” ariyasını, Anna Netrebko isə Luici Arditinin “İl bacio” əsərini ifa edib. Cütlüyün birgə ifa etdiyi C.Puççininin “Bohema” operasının birinci aktının finalı (“O soave franciulla”) alqışlarla qarşılanıb.
Azərbaycanlı tenor Avstriya Televiziyasına (ORF) verdiyi müsahibəsində 150 illik tarixə malik Vyana Dövlət Operasında keçirilən balda ilk dəfə ifaçı kimi iştirakından məmnunluğunu ifadə edib.
Ənənəvi olaraq bu il də opera balının ilk valsını 144 gənc debütant cütlük açıb. Balda müxtəlif operalardan duet və ariyalar, balet ansamblının üzvləri isə məşhur balet əsərlərindən rəqslər ifa edib, ən əsası isə vals musiqisi səslənib.
Qeyd edək ki, Vyanada bal rəqsləri ənənəsi 1814-1815-ci illərdə Vyana Konqresi dövrünə gedib çıxır. Müxtəlif dövrlərdə fərqli məkanlar və formatda təşkil edilən, ölkənin ictimai-siyasi elitasının qatıldığı bal mərasimləri vahid formada ilk dəfə 1956-cı ildə – İkinci Dünya müharibəsindən sonra yenidən bərpa edilən Vyana Dövlət Operasında keçirilib. Eyni zamanda hər il bal mövsümündə Vyanada yüzdən artıq konsert təqdim edilir. Onların ən möhtəşəmi olan Opera balı öz ciddi protokol qaydaları ilə seçilir.