İranın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə Tehranın “Milad” qülləsində Novruz bayramının UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi münasibətilə konsert proqramı təşkil olunub.
Tədbirdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif, elm, tədqiqat və ali təhsil naziri Mənsur Qulami, vitse-prezident, Milli İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Əliəsgər Munesan, vitse-prezident, Milli Kitabxana və Arxiv Təşkilatının rəhbəri, xanım Əşrəf Borucerdi, digər rəsmilər, həmçinin Tehranda akkreditə olunmuş ölkələrin səfirləri, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri iştirak ediblər.
Konsert proqramında Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu da iştirak edib. Xanəndə Mənsum İbrahimovu əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara) müşayiət ediblər. Muğam qrupunun ifasında “Mənim Azərbaycanım”, “Heydərbabaya salam” xalq mahnıları və təsniflər, zərb muğamı və ənənəvi olaraq sonda “Qarabağ şikəstəsi” səsləndirilib.
Konsertdə ifa olunan Azərbaycan mahnıları böyük maraq və alqışlarla qarşılanıb.
Proqramın sonunda İranın xarici işlər naziri M.C.Zərif, elm, tədqiqat və ali təhsil naziri Mənsur Qulami və Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov “Novruz dünyası” poçt markasını təqdim ediblər.