Moskvanın “Başmet” Mədəniyyət və Yaradıcılıq Mərkəzində Riad Məmmədovun triosunun konserti olub.
Pianoçu Riad Məmmədov, kontrabasçı İqor Kondur və zərb alətləri ustası Yevgeni Ryabov moskvalı musiqisevərlərə muğam janrında Vaqif Mustafazadə və Səid Rüstəmovun əsərləri mövzusunda interpretasiyalar təqdim ediblər.
Proqramına klassik və caz musiqisinin nümunələri daxil edilmiş konsertin birinci hissəsində Riad Məmmədovun ifasında Frederik Şopenin, Aleksandr Skryabinin və Sergey Raxmaninovun əsərləri də səslənib.
Konsertin ikinci hissəsində Azərbaycan bəstəkarlarının əsərlərinə yer verilib. Məşhur caz bəstəkarı Vaqif Mustafazadənin “Bahar” və “Düşüncələr” kompozisiyaları rəğbətlə qarşılanıb. SSRİ Xalq artisti Səid Rüstəmovun “Getmə, getmə, gəl” mahnısı əsasında hazırlanmış caz kompozisiyasını isə Azərbaycanın Əməkdar artisti, tarzən Qorxmaz Axundov məharətlə müşayiət edib.
Qeyd edək ki, Riad Məmmədov caz-muğamın professional ifaçısı olmaqla yanaşı, bu musiqi janrını elmi cəhətdən də təqdim edir.