Xalqımızın mədəni irsində xüsusi yeri, qədim və zəngin tarixi olan Novruz el sənətkarlığında, dekorativ-tətbiqi sənət nümunələrində də geniş təcəssüm tapır.

Ənənəvi olaraq Novruz ərəfəsində təşkil edilən sərgilər də bu baxımdan xüsusi maraq doğurur. Martın 5-də İçərişəhərdəki “NUR Art House” qalereyasında açılan “Allı-güllü Novruzum” adlı sərgi də bu qəbildəndir.

Sərginin açılış mərasimində qalereyanın rəhbəri – sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva Novruz bayramının, ilaxır çərşənbələrin sənətdə təzahüründən söz açdı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov da sərginin əhəmiyyətini vurğuladı.

Çıxışlardan sonra ekspozisiyaya baxış keçirildi. Sərgidə fərqli texnika və üslublarda işlənilmiş əsərlər yer alıb.

Elmira Qasımovanın “Novruz çərşənbələri” (bədii tikmə) adlı əsərində kompozisiya dörd bərabər hissəyə bölünüb və ilaxır çərşənbələrdən hər biri ornamentlərlə simvolizə edilərək təsvir olunub.

“Novruzqabağı” (ipək), “Toy” (ipək), “Novruz” (kətan akril), “Yeddi gözəl” (xalça), “Təbiətdən ilmələr” (yun, ipək) əsərlərinin müəllifi isə Eldar Hacıyevdir. “Novruzqabağı” adlı nümunədə milli geyimli xanımlar bayram hazırlıqları ilə məşğul olarkən təsvir olunub. Kompozisiyanın aşağı hissəsində bayram şirniyyatlarının təsvirinə yer verilib, bu isə təsvir olunan ailənin bayrama hazır olduğunu əks etdirir.

Diqqəti cəlb edən sənət nümunələrindən biri də Mehriban Əliyevaya aid olan “Dərvişlər” (keçə) adlı əsərdir. Dərvişlər baharın gəlişini musiqi və rəqslərlə qeyd edirlər. Eyni zamanda kompozisiyanın arxa hissəsində baharın gəlişini, təbiətin oyanmasını göstərən ağacların yaşıl yarpaqları və yeni çiçək açmış güllər təsvir olunub. Müəllifin “Köhnə Bakı” pannosunda isə kub formalı binalarla Bakının tarixi məkanlarının təsviri verilib.

Məhbubə Məmmədovanın “Bahar kompozisiyası”nı (tablo, keçə) digərlərindən fərqləndirən xüsusiyyətlərdən biri quruluş xarakteristikasıdır. Əsərdə çəmənliyin mərkəzində gül-çiçəklərin əhatəsində səməni təsvir olunub. Burada əsas mahiyyətlərdən biri isə səməninin ana təbiətin bir parçası olduğunu göstərməkdədir. Aydın səma işıqlı gələcəyi, sarı zolaq isə bol-bərəkətli məhsulun göstəricisidir.

Bədirə Əliyevanın “Azərbaycan gözəli” (bədii tikmə, muncuq) adlı nümunəsində əlində səməni tutmuş xanım – Bahar qızı və onun yanında şam təsvir olunub. Kənarlarda müxtəlif ornamentlər yer alıb və bununla əsərin bədiiliyi ilə daşıdığı mənası uzlaşır.

Sərgidə Nailə Quliyevanın “Azərbaycan”, “Bahar gəlib”, “1001 gecə” (kətan, yağlı boya) əsərləri yer alıb. İlk iki əsərdə milli musiqi alətlərimiz, bayram şirniyyatları əks olunub. “Bahar gəlib” əsərində el ağsaqqalı Dədə Qorqudun təsviri ilə rəssam milli keçmişimizi ağsaqqallarımızdan öyrənməyin əhəmiyyətini əks etdirib. “1001 gecə” adlı tabloda isə qədim Şərq ədəbiyyatı və estetikasının təsiri hiss olunur.

Hər bir nümunədə müəlliflər baharın gəlişinin təcəssümünü diqqətçəkən xüsusiyyətlərlə əks etdirməyə çalışıblar.

Sərgi mart ayının 25-dək davam edəcək.

Anar İBRAHİMOV
ADMİU-nun I kurs magistr tələbəsi, sənətşünas