Azərbaycan
8 mart 1911 – Xalq artisti Ağadadaş Qurbanov (1911 - 25.6.1965) anadan olub. Gənc Tamaşaçılar Teatrında, Milli Dram Teatrında çalışıb. “Bir qalanın sirri” (Usta), “Arşın mal alan” (1965, Soltan bəy) və s. filmlərdə çəkilib.
8 mart 1923 – Ədəbiyyatşünas, teatrşünas Ədilə Əlihüseyn qızı Əliyeva (1923-1984) anadan olub.
8 mart 1940 – Kinooperator Ramiz Əlirza oğlu Babayev (1940 - 11.1.1994) Bakının Əmircan qəsəbəsində doğulub.
8 mart 1947 – Şair, publisist Ağamalı Sadiq Əfəndi (Ağamalı Əhməd oğlu Əfəndiyev; 1947 - 24.12.1995) Qazax rayonunun Qaymaqlı kəndində doğulub.
9 mart 1915 - Xalq rəssamı Kamil Əli Abbas oğlu Xanlarov (1915-1996) anadan olub.
9 mart 1929 – Tanınmış diktor Gültəkin Əjdər qızı Cabbarlı (1929 - 15.10.1996) anadan olub.
9 mart 1952 – Aktyor Əhməd Haşım oğlu Qəmərlinski (Məlikov; 1880-1952) vəfat edib. Bakı Azad Tənqid-Təbliğ Teatrının aktyoru və rejissoru olub, filmlərdə çəkilib, pyeslər yazıb.
10 mart 1873 – Azərbaycan peşəkar milli teatrının yarandığı gündür. Bakıda böyük maarifçi Həsən bəy Zərdabinin təşəbbüsü, dramaturq Nəcəf bəy Vəzirov və aktyor Əsgər ağa Adıgözəlovun (Gorani) fəal iştirakı ilə M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyası səhnələşdirilib. 10 mart Azərbaycanda Milli teatr günü kimi qeyd olunur.
10 mart 1878 – Böyük yazıçı, dramaturq, mütəfəkkir Mirzə Fətəli Axundzadə (12.7.1812 - 1878) Tiflisdə vəfat edib. Yazdığı 6 komediya (“Müsyö Jordan və dərviş Məstəli şah”, “Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, “Xırs-quldurbasan”, “Hacı Qara”, “Mürafiə vəkilləri”) ilə Azərbaycan dramaturgiyasının, “Aldanmış kəvakib” povesti ilə milli realist nəsrin təməlini qoyub.
10 mart 1915 – İlk azərbaycanlı balerina, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, professor Qəmər Hacağa qızı Almaszadə (1915 - 7.4.2006) anadan olub.
10 mart 2004 - Xalq artisti, görkəmli sənətkar Nəsibə Cahangir qızı Zeynalova (20.4.1916 - 2004) vəfat edib. Musiqili Komediya Teatrında çalışıb. “Ögey ana”, “Böyük dayaq”, “Ulduz”, “Qayınana”, “Yuxu” və s. filmlərdə maraqlı obrazlar yaradıb.
Dünya
8 mart 1575 – Alman filosofu Yakob Böme (Jakob Böhme; 1575-1624) anadan olub.
8 mart 1851 – Maarifçi, mütəfəkkir, naşir İsmayıl Qaspralı (Qasprinski; 1851 - 24.9.1914) Krımın Qaspra şəhərində doğulub. Türk xalqlarının maarifçilik tarixində böyük xidmətlər göstərib. “Tərcüman” qəzetinin naşiri olub.
9 mart 1814 – Ukrayna şairi, yazıçı, rəssam Taras Qriqoryeviç Şevçenko (1814 - 10.3.1861) anadan olub. Klassik Ukrayna ədəbiyyatının banisidir.
9 mart 1934 – Moldova aktyoru, SSRİ Xalq artisti Mixay Volontir (1934 – 15.9.2015) anadan olub. Azərbaycanda “Tütək səsi” filmində çəkilib.
10 mart 1772 – Alman filosofu, filoloq, dilçi və yazıçı Fridrix Şlegel (Friedrich Schlegel; 1772-1829) anadan olub.
Hazırladı: Vüqar ORXAN