Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzində “Bakıxanovlar ədəbi-mədəni, elmi fikir tarixində” kitabının təqdimatı olub. Bakı Musiqi Akademiyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, habelə Bakıxanovlar nəslinin nümayəndələri iştirak ediblər.
   Tədbirdə çıxış edən Suraxanı RİH başçısının müavini Əhməd Talıbov öncə Heydər Əliyev Mərkəzi barədə məlumat verərək burada fəaliyyət göstərən elektron kitabxananın xidmətindən 6 min nəfərə yaxın şagirdin istifadə etdiyini bildirib. Sonra təqdim edilən nəşr barədə danışan Ə.Talıbov Azərbaycanın ictimai və mədəni həyatında mühüm rol oynamış Bakıxanovlar sülaləsinin tarixi xidmətlərini qeyd edib. Əmin olduğunu bildirib ki, Bakıxanovların ömür salnaməsinə həsr edilmiş bu kitab geniş oxucu kütləsi üçün hərbi, ədəbi və mədəni fikir tariximizin öyrənilməsi istiqamətində bələdçi rolunu oynayacaq.
   Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Fəridə Bünyadova, AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin baş elmi işçisi, filologiya elmləri namizədi Gülxar İbrahimqızı, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Telman Hacıyev və başqaları Abbasqulu ağa Bakıxanovun Azərbaycan elminə, ədəbiyyatına verdiyi töhfələrdən, ölkəmizin tarixindəki xidmətlərindən danışıblar. Bakıxanovlar nəslinin Azərbaycanın ictimai-siyasi və mədəni həyatında mühüm rolu qeyd edilib. Vurğulanıb ki, təkcə XIX əsrdə bu nəslin iki nümayəndəsi - Cəfərqulu ağa və Abdulla ağa general rütbəsinə yüksəliblər.
   Bakıxanovlar sülaləsinin parlaq nümayəndələrindən biri - Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Tofiq Bakıxanov təmsil etdiyi nəslin Azərbaycan tarixində rolundan danışıb, yaradıcılığına, ailəsinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirib.