UNESCO üzrə Milli Komissiyanın yubileyinə həsr olunmuş tədbir

Martın 6-da Beynəlxalq Muğam Mərkəzində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyinə həsr olunmuş tədbir keçirildi.

Azərbaycan Respublikası 3 iyun 1992-ci il tarixində UNESCO-ya üzv qəbul edilib.

Təşkilatın Nizamnaməsinin 7-ci maddəsinə əsasən, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESCO-nun işi ilə əlaqələndirmək üçün Milli Komissiya yaratmalıdır.

Ölkəmizin UNESCO üzrə Milli Komissiyası Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 21 fevral 1994-cü il tarixli sərəncamı ilə yaradılıb. UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının sədri xarici işlər naziri Elmar Məmmədyarovdur.

Tədbirdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Əvvəlcə Beynəlxalq Muğam Mərkəzinin foyesində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifasında musiqi nömrələri və gənc rəssamların  Azərbaycan mədəniyyətinin UNESCO-nun müvafiq siyahılarına daxil edilmiş irs nümunələrinə həsr edilən əsərlərindən ibarət sərgi təqdim olundu.

Tədbir Azərbaycan Televiziyasının hazırladığı, Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının fəaliyyətini əks etdirən sənədli filmin nümayişi ilə başladı. Filmdə ötən 25 ildə Azərbaycan xalqının UNESCO-nun siyahılarına daxil olan irs nümunələrindən söhbət açılır. Bildirilir ki, bu müddətdə xalqımıza məxsus 13 qeyri-maddi mədəni irs nümunəsi təşkilatın siyahılarında yer alaraq bəşəri status qazanıb. Həmçinin vurğulanır ki, UNESCO ilə əməkdaşlığın genişləndirilməsində və mədəni irsimizin qorunması və dünya miqyasında təbliğində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın əvəzsiz xidmətləri var. Diqqətə çatdırılır ki, 2008-ci ildə UNESCO-nun Qeyri-maddi mədəni irslə bağlı konvensiyası qüvvəyə minəndən sonra təşkilatın müvafiq siyahısına təqdim edilən nominasiya faylları Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə hazırlanıb. Ötən müddətdə Azərbaycan muğam ifaçılığı sənəti, tar və kamança hazırlanması və ifaçılıq sənətləri, aşıq sənəti, Novruz bayramı, xalça sənəti, dolma hazırlanma və paylaşma ənənəsi, lavaş bişirmə və paylaşma ənənəsi, Lahıc misgərlik sənəti, kəlağayı sənəti, “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”, “Dədə Qorqud irsi. Dastan mədəniyyəti, xalq nağılları və musiqisi” nominasiya faylları UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına, çövkən – ənənəvi Qarabağ atüstü oyun ənənələri isə qurumun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bundan əlavə, Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhər, Qobustan qayaüstü rəsmləri UNESCO-nun Dünya irsi siyahısında yer alıb.

Həmçinin qeyd olundu ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi daim Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının fəaliyyətinə böyük dəstək veriblər.

Daha sonra tədbir konsert proqramı ilə davam etdi. Proqramda Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Cabbar Qaryağdıoğlu adına 9 saylı Uşaq musiqi məktəbinin nağaraçılar qrupu, gənc muğam ifaçısı Kənan Bayramov, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Xalq artisti Mənsum İbrahimov, Əməkdar artist Arzu Əliyeva və gənc aşıqlar öz ifalarını təqdim etdilər. Bütün ifalar alqışlarla qarşılandı.

Lalə AZƏRİ