TÜRKSOY-da “Nəsimi ili”nin açılışı münasibətilə mərasim keçirilib
İmadəddin Nəsiminin 650 illik yubileyi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən böyük mütəfəkkir şairin söz irsinə, xatirəsinə həsr olunmuş tədbirlər ölkəmizin hüdudlarından kənarda da keçirilir. Məlum olduğu kimi, 2019-cu il həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY tərəfindən dahi Azərbaycan şairinin xatirəsinə “Nəsimini anma ili” elan edilib.
Martın 6-da Türkiyənin paytaxtı Ankarada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY təşkilatı və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə “Nəsimi ili”nin açılış tədbiri keçirildi.
TÜRKSOY-un qərargahında gerçəkləşən tədbirdə qurumun baş katibi Düsen Kaseinov, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun, Ankarada fəaliyyət göstərən xarici diplomatik korpusun təmsilçiləri, Azərbaycanın Ankaradakı səfirliyinin nümayəndələri, iki ölkənin digər rəsmiləri, elm, ədəbiyyat, mədəniyyət xadimləri, media mənsubları iştirak edirdi.
Tədbir iştirakçıları əvvəlcə İmadəddin Nəsiminin yaradıcılığına həsr edilmiş kitab sərgisi ilə tanış oldular.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Nəsiminin XV əsrə aid əlyazmalarının surətləri, dahi şairin 1844-cü və 1881-ci illərdə Türkiyədə ilk dəfə çap edilən kitabları, 1926-cı ildə Bakıda nəşr edilmiş ilk kitabı, Nəsiminin dünya xalqlarının dillərinə tərcümə olunaraq müxtəlif ölkələrdə çap olunmuş əsərləri, eləcə də Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə nəfis şəkildə buraxılmış ikicildliyi və digər kitablar barədə məlumat verdi.
Kitab sərgisi ilə tanışlıqdan sonra “Nəsimi ili”nin açılış toplantısı başlandı.
Mərasimdə açılış nitqi ilə çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov qonaqları salamlayaraq bildirdi ki, bu gün bizim üçün ikiqat bayramdır: “Həm böyük Nəsiminin 650 illik yubileyini qeyd edirik, həm də dostlarla bir aradayıq”. Sonra baş katib TÜRKSOY-un fəaliyyətindən danışdı, Türk dünyasının görkəmli şəxsiyyətlərinin xatirə ili layihəsindən söz açdı. Bildirdi ki, layihənin məqsədi Türk dünyasının öncüllərini daha yaxından tanımaq və tanıtmaqdır. Nəsimi yaradıcılığından bəhs edən D.Kaseinov böyük mütəfəkkirin Azərbaycanın ədəbi və mədəni irsində özəl bir yerə sahib olduğunu dilə gətirdi: “Nəsimi insanlıq naminə yaşayıb-yaradıb. Bu ili elan etməkdən qürur duyuruq”.
Natiq çıxışının sonunda ümumtürk mədəniyyətinə xidmət edən hər kəsə təşəkkürünü bildirdi.
Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxışına Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadəni anmaqla başladı: “Bu gün M.Ə.Rəsulzadənin ölüm günüdür. O deyirdi ki, “Bir kərə yüksələn bayraq bir daha enməz”. Mən əminəm ki, bu bayraq tezliklə Qarabağda, Azərbaycanın işğal altındakı torpaqlarında, Molla Pənah Vaqifin qəbrinin üzərində dalğalanacaq”. Sonra o, doğumunun 650 illiyi qeyd edilən Nəsimidən bəhs etdi, Nəsiminin Türk dünyasının böyük şairi olduğunu vurğuladı.
Mərasimdə çıxış edən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev 2019-cu ilin “Nəsimi ili” elan olunmasına görə TÜRKSOY təşkilatına və baş katib Düsen Kaseinova minnətdarlığını bildirdi: “Belə tədbirlər uzun müddət biri-birindən uzaq düşmüş türkdilli xalqları daha da yaxınlaşdırır, onların mədəniyyətini, ədəbiyyatını və adət-ənənələrini daha da doğmalaşdırır. Hər dəfə Bakıda, Ankarada, İstanbulda və digər türkdilli ölkələrdə belə tədbirlərdə iştirak etməklə ədəbiyyatlarımızın, mədəniyyətlərimizin və adət-ənənələrimizin daha sıx inteqrasiyasına və qarşılıqlı zənginləşməsinə kömək etmiş oluruq, buna şərait yaradırıq”.
Sonra nazir Nəsiminin yaradıcılığından bəhs etdi. Bildirdi ki, böyük mütəfəkkir şairin şeirləri, əlyazma divanları hələ sağlığında bütün Yaxın Şərqdə və Orta Asiyada dillər əzbəri olub. Nəsiminin yaradıcılığı və şəxsiyyəti Azərbaycanda çox yüksək qiymətləndirilir və onun doğma xalqına yenidən qayıdışı Azərbaycan xalqının böyük oğlu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1970-ci illərdə ulu öndər Heydər Əliyev böyük Nəsiminin 600 illik yubileyinin ilk dəfə dövlət səviyyəsində qeyd olunmasına və hətta bu yubileyin UNESCO-da da layiqincə keçirilməsinə nail olub. Sovet dövründə bu hadisə böyük mədəni inqilab hesab edilə bilərdi.
Diqqətə çatdırıldı ki, Azərbaycan mədəniyyətinə, milli-mənəvi dəyərlərimizə, o cümlədən Nəsiminin yaradıcılığına böyük önəm verən Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə dahi şairin əsərləri böyük tirajla və nəfis tərtibatla çap olunub. Dövlət başçısı Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan edilməsi barədə tarixi sərəncamlar imzalayıb. Vurğulandı ki, Azərbaycan Prezidenti ölkəmizdə görkəmli mədəniyyət və ədəbiyyat xadimlərinin, tarixi şəxsiyyətlərin yubileylərinin keçirilməsinə dair hər il belə sərəncamlar imzalayır və bununla da yubileylər həm ölkədə, həm də xaricdə geniş qeyd olunur.
Nazir həmçinin belə tədbirlərə ev sahibliyi etdiyinə görə TÜRKSOY-a minnətdarlığını bildirdi: “Bu binada çox dəyərli tədbirlər keçirmişik. TÜRKSOY-un qərargahı Türk mədəniyyətinin bir mərkəzinə çevrilib, böyük mədəniyyət və incəsənət xəzinəsini birləşdirir”.
Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Əhməd Haluk Dursun çıxış edərək Azərbaycan və türkdilli dövlətlər arasındakı qarşılıqlı ədəbi, mədəni əlaqələrdən, həmçinin Nəsiminin zəngin yaradıcılığı haqqında danışdı.
Sonra mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Xalq artisti adına layiq görülmüş TRT Xorunun dirijoru Elnarə Kərimovaya fəxri adın vəsiqə və nişanını təqdim etdi.
Çıxışlardan sonra Nəsiminin həyat və yaradıcılığını əks etdirən film nümayiş olundu.
* * *
Tədbirin ikinci – panel hissəsində Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, Türk Şurası Ağsaqqallar Məclisinin üzvü, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, professor Mustafa İsen, professor Əhməd Bican Ercilasun Nəsiminin həyat və yaradıcılığı haqqında məruzələrlə çıxış etdilər.
Nizami Cəfərov çıxışında Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunmasının qüdrətli söz ustadının yaradıcılığına yeni baxışın ortaya qoyulması, onun irsinin dünyaya çatdırılması baxımından böyük əhəmiyyət kəsb etdiyini dedi: “Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlərin müəllifi olan Nəsimi xüsusilə Azərbaycan poeziyası və ədəbi dilinin inkişafında əvəzsiz xidmətlər göstərib. Onun yaradıcılığı dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir”.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında Nəsimi yaradıcılığının Azərbaycan ədəbiyyatının inkişafında rolundan, onun dünya ədəbiyyatı xəzinəsinə gözəl poeziya nümunələri bəxş etməsindən, əsərlərinin Yaxın Şərqdən və Orta Asiyadan başlamış dünyanın bir çox yerlərində sevilərək oxunmasından, mütəfəkkir şair kimi məşhurlaşmasından söz açdı: “Nəsimi Azərbaycanda fəlsəfi poeziyanın əsasını qoyanlardan biridir. O, təmiz Azərbaycan dilində, çox axıcı dillə gözəl şeirlər yazıb. Bu il Azərbaycanda və dünyada Nəsiminin yubileyi ilə əlaqədar keçirilən tədbirlər geniş miqyasda şairin daha da tanınmasına, əsərlərinin nəşr olunmasına şərait yaradacaq”.
Professor Əhməd Bican Ercilasun Azərbaycanda çəkilən “Nəsimi” filmindən danışdı və ekran əsərində peşəkar aktyor oyununu diqqətə çatdırdı, hər kəsə bu filmə baxmağı tövsiyə etdi.
Mustafa İsen çıxışında Nəsimi yaradıcılığının orijinal üslubundan, bütün dövrlər üçün aktual olmasından bəhs etdi.
Sonra nazir Əbülfəs Qarayev TÜRKSOY-un xatirə medalı ilə təltif olundu.
Tədbirin bədii hissəsində Qırğızıstanın Xalq şairi Kojogeldi Kuluyev və türkiyəli şairə İlter Yeşilay Nəsiminin şeirlərindən nümunələr söylədilər. Azərbaycanın Əməkdar artisti Feyruz Səxavət Nəsiminin qəzəllərini muğam üstə ifa etdi, Qazaxıstan əsilli aşıq Savbir Guseynov isə Nəsiminin qəzəllərini saz ilə səsləndirdi.
* * *
Həmin gün axşam “Nəsimi ili”nin açılış mərasimi Türkiyə Prezidenti Administrasiyasının Simfonik Orkestrinin geniş konsert proqramı ilə davam etdirildi.
Konsertdən əvvəl TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış etdi. Bildirdi ki, 2019-cu ilin Türk dünyasında “Nəsimi ili” elan olunması tarixi hadisədir: “2013-cü ildən həyata keçirilən tarixi şəxsiyyətləri tanıtma layihəsi türkdilli xalqların milli sərvətinə çevrilib. Türkdilli xalqların ortaq mədəniyyətinin, ədəbiyyatının, tarixi şəxsiyyətlərinin tanınmasına xidmət edən bu layihə milli dəyərlərimizin inteqrasiyasını təmin edir. Bugünkü konsert proqramına Azərbaycan muğamı, aşıq sənəti və TRT Xorunun ifasında Nəsimi poeziyası nümunələrinin daxil edilməsi böyük şairin təkrarsız yaradıcılığının göstəricisidir”.
Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev çıxışında İmadəddin Nəsimi yaradıcılığının dünyada tanınmasının, xatirəsinin əbədiləşdirilməsinin, əsərlərinin kütləvi şəkildə nəşrinin, həyat və yaradıcılığının elmi baxımdan araşdırılmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırdı: “Bakı şəhərinin mərkəzi rayonlarından biri Nəsiminin adını daşıyır, paytaxtımızda böyük şairin möhtəşəm abidəsi ucaldılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutuna dahi şairin adı verilib. Ulu öndərin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində Nəsiminin 600 illik yubileyi dövlət səviyyəsində, həmçinin UNESCO-da qeyd olunub”.
Nazir bildirdi ki, Azərbaycanda görkəmli şəxsiyyətlərin adının uca tutulması, irsinin yaşadılması ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Prezident İlham Əliyevin məlum sərəncamları ilə 2019-cu ilin “Nəsimi ili” elan olunması və böyük şairin 650 illiyini dövlət səviyyəsində qeyd edilməsi bunun göstəricisidir.
TÜRKSOY tərəfindən 2019-cu ilin “Nəsimi ili” elan olunmasını təşkilatın Azərbaycan mədəniyyətinə və tarixi şəxsiyyətlərinə göstərdiyi növbəti ehtiramlı addım kimi dəyərləndirən nazir Prezident İlham Əliyevin TÜRKSOY-a səmimi təşəkkürünü çatdırdı.
Nazir onu da qeyd etdi ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə Azərbaycanda ilk dəfə Nəsimi – şeir, sənət və mənəviyyat festivalı keçirilib. Qərara alınıb ki, Şərqin dahi şair və mütəfəkkirinin yaradıcılığının təbliği və mədəni-ədəbi əlaqələrin genişləndirilməsinə xidmət edən bu layihə ənənəvi şəkildə davam etdirilsin.
Çıxışlardan sonra konsert proqramı təqdim olundu.
Əvvəlcə Xalq artisti Elnarə Kərimovanın dirijorluğu ilə TRT Xorunun ifasında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor, AMEA-nın müxbir üzvü, UNESCO-nun “Sülh artist” Firəngiz Əlizadənin “Nəsimi Passion” əsərindən xor bölümləri səsləndirildi.
Tanınmış aşıqlar Səlahəddin Dündar və Mehmet Gökçenin sazda çıxışlarından sonra Azərbaycanın Əməkdar artisti Feyruz Səxavət Nəsiminin qəzəlləri ilə muğam parçaları ifa etdi.
Konsert proqramı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Qeyd edək ki, “Nəsimi ili”nin açılışına həsr olunmuş daha bir tədbir martın 7-də İstanbulda, Türkiyə Ədəbiyyat Vəqfinin toplantı salonunda keçirilib.
Mehparə SULTANOVA
Ankara