Ustad aşıq Ədalət Nəsibovun 80 illiyinə həsr olunan gecə

Martın 11-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı ilə Əməkdar incəsənət xadimi, ustad aşıq Ədalət Nəsibovun (1939-2017) 80 illiyinə həsr olunan “Sazın Ədaləti” adlı yubiley gecəsi keçirildi.

Tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramov, mədəniyyət, ədəbiyyat xadimləri, saz-söz sənətinin nümayəndələri iştirak edirdi.

Tədbiri Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq bildirdi ki, bu gün böyük ustadın 80 illik yubileyinə yığışmışıq: “Bu yubileylə bağlı sənətkarla hələ sağlığında söhbət etmişdik. O, belə bir şərt kəsmişdi ki, 80 illik yubileyi keçirərik. Ancaq yubileyin aparıcısı sən olarsan. Mən də razılaşdım. Bu gün mən gəlmişəm, öz yerimdəyəm. Amma Ədalət Nəsibov aramızda yoxdur. O, dünyasını dəyişdi və haqq dünyasına qovuşdu”.

Qeyd olundu ki, aşıq Ədalət Qazax rayonunda dünyaya göz açıb. Ancaq onun kökləri Göyçə ellərinə, Dədə Ələsgər ocağına bağlı idi:

“Aşıq Ədalət ruhunda Qazaxın ənənəvi saz-söz aləmini, o bir tərəfdə isə Göyçənin ruhunu gəzdirirdi. Allahın verdiyi istedad onu zaman içərisində ayrı bir vətən tutmağa yönəltdi. Bu gün biz deyə bilmərik Ədalət Nəsibov Qazaxın, Göyçənin, Gəncənin və Azərbaycanın Ədalətidir. O, sazın Ədalətidir. Dədə Qorqudun qopuzu olduğu kimi... Sazın sirri, sözü nə idisə, onu daşıyan bir sənətkar idi. Yaxşı xatırlayıram, ustadla 1979-cu ildə görüşdük. O zaman onun 40 yaşı vardı. Amma 50-60 yaşında bir müdriki xatırladırdı. Özünü ağır tutmasında, danışığında xoş təsir bağışlayırdı. Elə hiss edirdin ki, o, elə indicə Dədə Qorqudun yanında olub, onun sirr və sehrini daşıyıb özü ilə gətirib. O, zəngin repertuara malik idi. Sazı bağrına basanda başqa bir aləm yaranırdı. İfaları ilə başdan-başa “Yanıq Kərəmi” olurdu. Çünki sənət aləminə “Yanıq Kərəmi” ilə gəlmişdi...”.

Məhərrəm Qasımlı sənətkarın repertuarının vaxtında yazıya alınmadığını təəssüflə qeyd etdi: “Hələ sağ ikən ona təklif etdim ki, gəl sənin bütün ifalarını lentə köçürək. Bildirdi ki, artıq gecdir. Bunu on il qabaq etmək olardı. İndi barmaqlarım o çeviklikdə deyil... İndi Ədalət Nəsibovdan 30-a yaxın saz havası qalıb. Aşıqlar Birliyinə gənc aşıqlar gəlir. Soruşuram müəllimin, ustadın kim olub. Deyirlər ki, aşıq Ədalət. Onun ifalarını dinləyir və öyrənirik. Bu o deməkdir ki, Ədalət Nəsibov ayrıca bir məktəbdir”.

Diqqətə çatdırıldı ki, Ədalət Nəsibovun sənəti, əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, Əməkdar incəsənət xadimi adına layiq görülüb, Prezident təqaüdçüsü olub: “Fəxr ediləsi haldır ki, sənətinin səsi Azərbaycanın hüdudlarını aşaraq Şərq və Avropa ölkələrinə yayıldı. Onun ruhu qarşısında baş əyirik. Ruhu şad olsun”.

Əməkdar mədəniyyət işçisi, aşıq Mahmud Məmmədov çıxışında qeyd etdi ki, bir var, ustada xidmət edir və ondan dərs alırsan. Bir də var ki, dünyaya sənətkar gəlirsən. Aşıq Ədalət dünyaya sənətkar gəlmişdi. O, ecazkar solo-saz ifaları və özünəməxsus oxu tərzi ilə yaddaşlarda əbədiləşib. 50-dən çox dastanı, onlarla aşıq şeirini sinəsində dəftər etmişdi. Görkəmli sənətkar sazı nə qədər gözəl çalırdısa, şeiri də o qədər gözəl oxuyurdu.

Xalq şairi Nəriman Həsənzadə sənətkarla bağlı xatirələrini bölüşdü. Bildirdi ki, Ədalət Nəsibov mahir ifası ilə dinləyiciyə sevinc bəxş edirdi. Hara gedirdisə, camaat ətrafını sarır, onunla təmasda olmaq istəyirdi. O, XX əsrin böyük sənətkarı idi. Xalq şairi daha sonra saza həsr etdiyi şeirini oxudu.

Azərbaycan Yazıçılar Birliyi Qazax bölməsinin rəhbəri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal aşıq Ədalət sənətinin özəlliklərindən danışdı.

Çıxışlardan sonra bədii hissəyə keçildi. “Çeşmə” folklor qrupunun ifasında “Orta şəşəngi” səsləndi. Gecədə əməkdar mədəniyyət işçiləri Ədalət Dəlidağlı, Nemət Qasımlı, Əhliman Şirvanlı, Samirə Əliyeva, eləcə də Altay Məmmədli, Nəbi Nağıyev, Dəmir Vəliyev, İlham Aslanbəyli, Ramin Qarayev, Səlim Göyçəli, Əli Tapdıqoğlu, Roman Azaflı, Əli Pənahoğlu, Şirin Şahbuzlu, Əfsanə Kərimli, Ruhiyyə Zəngilanlı, Elməddin Məmmədli, Şəhriyar Qaraxanlı, gənc solo saz ifaçıları Elvin Axundov, Cavanşir Quliyev, Xətayi Kərimov, Şəhriyar Laçın, Fazil Ziyadxanoğlu çıxış etdilər. Proqramda “Yanıq Kərəmi”, “Orta sarıtel”, “Şirvan müxəmməsi”, “Təxmis”, “Göyçəgülü”, “Koroğlu dübeyti”, “Kərəm dübeyti”, “Mirzəcanı”, “Döymə Kərəmi”, “Cəlili”, “Aran gözəlləməsi”, “Osmanlı divanisi”, “Gözəlləmə”, “Naxçıvanı”, “Ruhani” havaları təqdim olundu. Çıxışlar alqışlarla qarşılandı.

Sonda görkəmli sənətkarın oğlu Hekayət Nəsibov ailələri adından tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.

Savalan FƏRƏCOV