Bəzən tarixi hadisələrin mahiyyətini isti-isti bədii-estetik süzgəcdən keçirib yaddaqalan əsər yaratmaq çətin olsa da, Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin başlandığı vaxtdan bu yana təsviri sənət ustaları hələ də bitməyən bu müharibəyə öz münasibətlərini bildirməkdədirlər. Hərçənd ermənilərin xalqımıza qarşı torpaq iddiasından qaynaqlanan bu problemin bədii görkəm almasının tarixi hələ XX əsrin əvvəllərinə gedib çıxır.
O vaxt İrəvan xanlığındakı dədə-baba torpaqlarından didərgin salınmış soydaşlarımızın Naxçıvana pənah aparmalarına görkəmli fırça ustası Bəhruz bəy Kəngərli (1892-1922) şahidlik etmişdi. Onlara imkanı çərçivəsində maddi qayğı göstərən gənc rəssam baş verənlərin tarixi-bədii sənədə çevrilməsi istiqamətində əvəzsiz iş görmüş, ağır vəziyyətdə olmuş insanların taleyinə həsr olunmuş “Qaçqınlar” adlı rəsmlər silsiləsi yaratmışdı. Geriyə baxıb onu da etiraf etməliyik ki, xalqımızın məruz qaldığı soyqırımı və deportasiyaların bədii əksi olan bu tarixi rəsmlərdən Qarabağ probleminin sonuncu dəfə alovlanarkən davakar erməni şovinizminə qarşı ifşaetmə təbliğatında istifadə edilməsi çox faydalı ola bilərdi...
Qanlı-qadalı faciələrimizə B.Kəngərli tərəfindən XX əsrin əvvəllərində tutulan “bədii güzgü”nün davamı elə həmin əsrin sonlarında oldu. 1992-ci ilin fevralında yaşanan ölçüyəgəlməz Xocalı faciəsi hamı kimi Azərbaycanın fırça və tişə ustalarını, sözün əsl mənasında, dilə gətirdi, bir çox rəssamlar bu mövzuda silsilə əsərlər yaratdılar.
Faciədən bir il sonra Xalq rəssamı Xanlar Əhmədov yaratdığı 25 heykəltəraşlıq kompozisiyası və çoxsaylı qrafik rəsmlərlə baş verənləri yaddaqalan təsirli sənət nümunələrində əbədiləşdirdi. Onun ardınca tanınmış cizgi filmləri rəssamı Nazim Məmmədovun (1934-2004) yaratdığı əsərlər faciənin 10 illiyində Azərbaycan Milli İncəsənət Muzeyində “Xocalı harayı” adlı sərgidə nümayiş olundu. Sərgidən sonra rəssam tamaşaçıların böyük marağına səbəb olan həmin işləri muzeyə hədiyyə etdi. Tanınmış fırça ustası Vaqif Ucatayın Qarabağ müharibəsinin tükürpərdici dəhşətli anlarını əks etdirən 69 əsərdən ibarət “Bax! Gör! Unutma!” qrafik silsiləsi də baş verənləri yaddaşlara həkk edən bədii nümunələrdir.
Bu günlərdə, Xocalı faciəsinin ildönümündə Müasir İncəsənət Muzeyində ictimaiyyətə ilk dəfə təqdim olunan Xalq rəssamı, professor Arif Hüseynovun “Qarabağnamə - tarixin səhifələri” silsiləsi isə bu problemi özündə əks etdirən çox əhəmiyyətli sənət nümunəsidir. Azərbaycan xalqının uzaq-yaxın keçmişinə cəlbedici və yaddaqalan “bədii güzgü” tutan bu silsilə, say etibarilə 50 qrafik lövhədən ibarət olsa da, əslində məna-məzmun yükünə görə bütöv – bir əsər kimi baxılır...
Bu silsilənin inandırıcı tutumda gerçəkləşdirilməsi üçün Arif Hüseynov əvvəlcə Qarabağ və onu başqaları üçün gözdağına çevirən səbəblər barəsində kifayət qədər material toplamışdır. Respublikamızın tanınmış tarixçiləri, politoloqları, etnoqrafları və sənət tədqiqatçıları ilə görüşlərdən sonra nə edəcəyini bilən rəssam qarşısında duran yaradıcı vəzifənin həllinə başlamışdır.
Yaradılan hər bir əsəri rəssam düşüncəsi ilə cəmiyyət arasında körpüyə bənzədən Arif Hüseynov üç il ərzində baş-başa qaldığı Qarabağ mövzusunu – yaşanmaqda olan torpaq itkisinin ağrılarını fərdi yaradıcı təxəyyülünə bələməklə, düşmənin məkrini ifşa edə biləcək çox təsirli bədii-tarixi mənəvi qaynaq yaratmağa nail olmuşdur. Ağ-qara cizgilərdən “boylanan” bu bədii görüntülərin bənzərsiz dəyərə malik olması, onların daşıdığı qürurdoğurucu və ifşaedici tarixiliyin təkzibolunmaz faktlara əsaslanmasıdır. Bu mənada tanınmış qrafika ustasının ensiklopedik tutuma malik olan “Qarabağnamə”sini bədii duyğulandırma gücünə görə hər birimizin mübarizə himninə çevrilən, ruhumuzu qidalandıran “Qarabağ şikəstəsi” ilə müqayisə etmək olar. Belə ki, Arif Hüseynovun Azərbaycan – Qarabağ tarixinin qabarıq görünən, bəzən də az təbliğ olunan səhifələrinə tutduğu obrazlı – sərt “bədii güzgü”də yer almış düşündürücü bədii məqamlar məşhur şikəstədə olduğu kimi mübarizə ruhludur...
Daima milli mövzulara müraciət etməsi ilə fərqlənən Arif Hüseynovun yaradıcılığında yeni səhifə sayılacaq bu silsilə həm əhatəli bədii-tarixi tutumuna, həm də özünəməxsus şərhinə, bədii xüsusiyyətlərinə görə seçilir. Belə ki, say etibarilə əvvəlki silsilələrini duyulası dərəcədə üstələyən bu qrafik əsərlər məcmusu mahiyyətcə sənədli-bədii tutumludur. Rəssam bu əsərlərdə qədim Albaniya dövründən Xocalı faciəsinə qədər davam edən təzadlı tariximizə işıq salmışdır. Qarabağ tarixinə bu bədii yanaşmada demək olar ki, onu hər şey maraqlandırıb. Rəngarəng tutumlu qrafik lövhələrdə Qarabağla bağlı müxtəlif uzaq-yaxın hadisələrin, onun qədimiliyinə dəlalət edən memarlıq tikililərinin, maddi-mədəniyyət nümunələrinin, musiqiçilərin və sənətkarların yaradıcılığının əksi də bunu təsdiqləyir. Qrafik cizgilərin özünəməxsus ritmində görüntüyə gətirilən “I Pyotrun məktubu”, “Türkmənçay müqaviləsi”, “Gəncəsər monastırı”, “Alban abidələrinin erməniləşdirilməsi”, “Daşnakların “Böyük Ermənistan” xülyası”, “Güllələnmiş heykəllər”, “Qarabağ müharibələri”, “Pənahəli xan”, “Xalq musiqiçiləri”, “Kəlbəcər qadınları”, “Qarabağ atları” və s. lövhələrdə tarixi sənədlərin-həqiqətlərin rəssam təxəyyülü ilə uğurlu qovşağından ərsəyə gətirilən, Azərbaycan və ingilis dillərində yazılmış mətnlə tamamlanan təsvirlər kifayət qədər cəlbedici və yaddaqalandırlar.
Ermənilərin təcavüzkar xislətini ifşa edən bu əsərlər, yüksək bədii dəyəri ilə yanaşı, həm də tarixi əhəmiyyət daşıyır. Rəssamın hər bir kompozisiyada obrazı və yaxud abidəni, eləcə də süjeti aid olduğu dövrün müxtəlif hadisələri ilə vəhdətdə təqdim etməsi, Azərbaycan qrafika sənəti üçün yeni olmaqla bərabər, həm də bədii görüntünün daha əhatəli olmasını şərtləndirmişdir. Silsiləyə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında ölçüyəgəlməz xidmətləri olan dövlət və ictimai xadimlərin obrazlarının daxil edilməsi onun daşıdığı məna-məzmun yükünü daha da zənginləşdirmişdir, desək, yanılmarıq.
XXI əsrin əvvəllərində yaradılan Arif Hüseynovun “Qarabağnamə”sinin bədii tutumunu təsir miqyasına görə XX əsrin başlanğıcında Bəhruz bəy Kəngərlinin yaratdığı və böyük vətənpərvərlik nümunəsi sayıla biləcək “Qaçqınlar” silsiləsi ilə müqayisə etmək olar. Hər bir yaradıcıya şərəf gətirəcək bu dəyərləndirməyə rəğmən qətiyyətlə demək olar ki, Arif Hüseynovun bədii-tarixi “Qarabağnamə”sini, sözün əsl mənasında, yeni əsrin təsviri sənət məkanında bədii hadisə saymaq olar...
Ziyadxan ƏLİYEV
Əməkdar incəsənət xadimi