Martın 10-da Şamaxıda altı ölkənin məşhur pianoçularının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim olunub. Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə keçən konsertdə ABŞ-dan Nikolas Rot, Almaniyadan Katarina Troytler, Azərbaycandan Xalq artisti Murad Hüseynov, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov və Yaponiyadan Atsuşi İmada çıxış ediblər.

Tanınmış pianoçular tamaşaçılara İ.S.Bax. F.Şopen, F.Şubert, F.List, S.Prokofyev və digər dünya klassiklərinin əsərlərini solo ifa ediblər.

Qeyd edək ki, martın 7-də Bakıdakı Heydər Əliyev Mərkəzində “Heksameron. 6 royal” adlı konsert keçirilib. Konsertdə Azərbaycan və dünya ölkələri bəstəkarlarının əsərləri, o cümlədən italyan bəstəkarı Vinçentso Bellininin nadir hallarda ifa olunan “Heksameron” kompozisiyası altı pianoçunun birgə təqdimatında səslənib.

Layihənin davamı olaraq Bakı konsertində çıxış etmiş məşhur pianoçuların regionlara turları təşkil olunub. Şamaxıdan əvvəl Gəncə və Şəki şəhərlərində də konsertlər keçirilib.

LALƏ