Bu ilin mayında İsrailin Təl-Əviv şəhərində keçiriləcək “Eurovision 2019” mahnı müsabiqəsində ölkəmizi gənc müğənni və bəstəkar Çingiz Mustafayev təmsil edəcək.

İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, müğənni səhnəyə bolqarıstanlı-avstriyalı bəstəkar Borislav Milanovun “Truth” (“Həqiqət”) mahnısı ilə çıxacaq.

“Etiraf edirəm ki, bu mahnının Çingizə uyğun olacağına əmin deyildim. Çünki o, flamenko və gitaranı sevən milli musiqiçidir. Şəxsi tanışlıqdan sonra isə fikirlərim dəyişdi. O, ehtiraslı musiqiçi və müğənnidir. Onunla birlikdə mahnıya Azərbaycanın milli ifaçılıq manerasını qatdıq”, - deyə Borislav Milanov bildirib.

Qeyd edək ki, bəstəkarın mahnısı İTV-nin bu ilin yanvar ayında təşkil etdiyi milli seçim turunda müxtəlif ölkələrdən göndərilmiş mahnılar arasından seçilib. “Truth” mahnısı sevgi və xəyanətdən bəhs edir...