Macarıstanın Peç Universitetində “Dünyanın 50 delikatesi” adlı kulinariya kitabının təqdimatı keçirilib.
Macarıstanda akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin, 80 ölkədən olan tələbələrin qatıldığı tədbirdə Azərbaycan səfiri Vilayət Quliyev də iştirak edib.
Kitabda dünyanın 50 ölkəsinin müxtəlif yeməklərinin reseptləri və həmin ölkələrin milli mətbəxlərinə dair illüstrasiyalı məlumatlar yer alıb. Səfirliyin universitet ilə əməkdaşlığı nəticəsində Azərbaycanın milli mətbəx nümunələrindən dolma və ləvənginin resepti kitaba daxil edilib.
Tədbirdə səfir Vilayət Quliyev və Peç Azərbaycan Cəmiyyətinin sədri Cavid Əhmədovun da iştirakı ilə ləvənginin hazırlanması nümayiş olunub.
Səfir qeyd edib ki, Azərbaycan mətbəxi zənginliyi və təkrarolunmaz dadı ilə fərqlənir. Xəzər dənizinin zəngin faunası dəniz məhsullarının da Azərbaycan mətbəxində geniş şəkildə istifadə edilməsinə imkan yaradır.
Səfir, həmçinin universitetdə təhsil alan 50-dək azərbaycanlı tələbə ilə görüşərək öz tövsiyələrini verib və ölkəmizin təbliği baxımından əhəmiyyətli hesab edilən bu kimi tədbirlərdə gənclərimizi fəal olmağa çağırıb.